“Genetik faktorlar rol oynasa da, uşağın sağlam psixikası ailədən asılıdır” -PSİXOLOQ DANIŞDI

18 Mart 2026 14:49 (UTC+04:00)

“Ailə cəmiyyətin ən kiçik, lakin ən təsirli sosial institutudur. Uşağın şəxsiyyəti, daxili dünyası, davranış tərzi və həyata baxışı əsasən valideynlərlə qurduğu münasibətlərdən formalaşır. Buna görə valideyn-övlad münasibətlərinin sağlam əsaslar üzərində qurulması xüsusi önəm daşıyır”.

Bu sözləri SİA -ya açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə, bu münasibətlər qarşılıqlı sevgi, hörmət və etimad üzərində qurulmalıdır. Uşaq özünü ailədə dəyərli, anlaşılmış və qəbul olunmuş hiss etməli, valideyn isə yalnız nəzarətçi deyil, həm də dinləyən, anlayan və dəstək olan bir fiqur olmalıdır:

” Belə yanaşma uşağın özünəinamının və emosional sabitliyinin formalaşmasına müsbət təsir göstərir. Sağlam münasibətlərin əsas şərtlərindən biri effektiv ünsiyyətdir. Valideyn uşağı tənqid etməkdən çox, onun fikirlərinə diqqət yetirməli və hisslərini ifadə etməsinə şərait yaratmalıdır. Uşağın səhvlərinə qarşı aqressiv reaksiya əvəzinə izahlı və səbirli yanaşma tətbiq edilməlidir.

Hər bir fərd müəyyən temperament tipi ilə dünyaya gəlir, lakin xarakter və şəxsiyyət zamanla, sosial mühit və ailə təsiri altında formalaşır. Valideynlərin rolu böyükdür, çünki uşaq ilk sosiallaşdığı və davranış modellərini mənimsədiyi mühitdə – ailədədir.

Uşaqlar müxtəlif ailə strukturlarında – tam, natamam və ya mürəkkəb ailələrdə böyüyür. Atanın, ananın, nənə-baba və digər qohumların iştirakı uşağın tərbiyəsinə fərqli təsir göstərir. Valideynlərin uşaqlar arasında fərq qoyması, işlə çox məşğul olması və ya emosional diqqətsizliyi uşağın şəxsiyyətinin sağlam formalaşmasına mane ola bilər. Bu halda uşaq xarici mühitin təsiri altında davranış modellərini mənimsəyir.

Uşağın psixoloji inkişafında genetik faktorlar rol oynasa da, sağlam psixikanın əsas mənbəyi ailə mühitidir. Nevrotik, konfliktli və gərgin ailə mühitində böyüyən uşaqlarda emosional balans pozula bilər.

Valideynin əsas vəzifəsi uşağın psixoloji inkişafını dəstəkləmək, ona uyğun davranış modelləri təqdim etmək və həyatla sağlam əlaqə qurmasına kömək etməkdir. Bu proses körpəlikdən məktəbəqədər və məktəb dövründə daha qabarıq görünür. Valideyn həm pedaqoji, həm də psixoloji aspektdən yanaşmalı, yalnız akademik biliklərə deyil, həm də emosional və sosial inkişafına diqqət yetirməlidir.

Yalnız dərslərdə uğurlu, lakin emosional baxımdan zəif və etik davranış normalarını mənimsəməyən uşaqlar valideynlərin psixoloji tərbiyəyə yetərincə diqqət yetirməməsinin nəticəsi ola bilər. Sağlam şəxsiyyət valideyn-övlad arasında qurulan düzgün ünsiyyət və qarşılıqlı anlayış mühitində formalaşır.

Uşağın idrak prosesi mərhələli şəkildə inkişaf edir – duyğu, qavrayış, təfəkkür, təxəyyül, nitq, diqqət və qabiliyyət zamanla zənginləşir. Valideynlərin bu inkişaf mərhələləri haqqında məlumatlı olması uşağın davranışlarını düzgün anlamalarına kömək edir.

Uşağın dünyagörüşü və həyata baxışı əsasən valideynlərin ona verdiyi məlumat və yaratdığı tərbiyəvi mühitlə bağlıdır. Elmi əsaslara söykənən, sağlam və balanslı tərbiyə uşağın sosial münasibətləri düzgün mənimsəməsinə, cəmiyyətə uyğunlaşmış, özünü tanıyan və inkişaf edən şəxsiyyət kimi formalaşmasına şərait yaradır”.