"Regionlarda, xüsusilə ucqar yerlərdə məktəblərin vəziyyəti hələ də ürəkaçan deyil. Bir çox məktəblərdə maddi-texniki baza, laboratoriyalar və sinif otaqları indiki tələblərə cavab vermir".
Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
_(1).jpg)
Onun sözlərinə görə, bəzi məktəblərdə istilik sistemi düzgün işləmir, bəziləri isə çox sadə şəraitdə fəaliyyət göstərir, bu da şagirdlərin normal təhsil almalarını çətinləşdirir: "Yaxşı tərəfi odur ki, məktəblərin optimallaşdırılması işləri davam etdirilir. Təxminən 300-400 məktəb daha böyük və müasir məktəblərlə birləşdirilib. Beləliklə, şagirdlər artıq dar, köhnə və uyğunsuz sinif otaqlarında deyil, geniş və işıqlı siniflər, müasir laboratoriyalar və idman zalları olan məktəblərdə təhsil alacaqlar.
Bu dəyişikliklər həm təhsil keyfiyyətini artırır, həm də şagirdlərdə daha yaxşı öyrənmə motivasiyası yaradır.
Ümid edilir ki, gələcək illərdə dövlət büdcəsindən daha çox vəsait məktəblərin təmiri, modernləşdirilməsi və yenidən qurulmasına ayrılacaq. Bu, şagirdlərin keyfiyyətli təhsil almalarına, müəllimlərin iş şəraitinin yaxşılaşmasına və ümumilikdə təhsil sisteminin inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, məktəblərin modernləşdirilməsi bölgələrdə təhsilin bərabər imkanlarla təmin olunmasına da imkan yaradacaq, beləliklə, şagirdlər həm paytaxt, həm də ucqar bölgələrdə eyni səviyyədə keyfiyyətli təhsil ala biləcəklər".