"Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş torpaqlarımıza keçmiş məcburi köçkünlərin geri qayıdışı davam edir. Bu proqram mərhələlər üzrə, əvvəlcədən müəyyən edilmiş cədvələ uyğun həyata keçirilir"
Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
_(1).jpg)
Onun sözlərinə görə, Böyük Qayıdış yalnız insanların geri dönməsi demək deyil; eyni zamanda infrastrukturu - yolları, binaları, şəhərləri və qəsəbələri hazırlamaq deməkdir: "Hal-hazırda 20-25 mindən çox vətəndaşımız öz torpaqlarına qayıdıb. On minlərlə insan artıq bu ərazilərdə yaşayır və fəaliyyət göstərir. Qarşıda çağırışlar mövcuddur. Bunların başında mina problemi gəlir. Minalar hələ də torpaqlarda gizlənir və təmizlənmiş sahələrdə belə təhlükə yarada bilir. Bu məsələdə beynəlxalq təşkilatların və konvensiyaların diqqəti çox önəmlidir.
Digər mühüm məsələ məşğulluqdur. Yeni tikilmiş şəhərlərdə və qəsəbələrdə on minlərlə, gələcəkdə isə bir milyona yaxın insanın işlə təmin edilməsi vacibdir. Dövlət qurumları təkcə bunu tam həll edə bilməz. Ona görə şəxsi sahibkarların və digər iş yerlərinin fəaliyyətinin artırılması da vacibdir ki, vətəndaşlar geri qayıtdıqda həm yaşayış, həm də əmək imkanlarına malik olsunlar.
Artıq Kəlbəcər kimi ucqar dağ rayonlarında da ailələr yeni evlərdə məskunlaşıblar. Böyük Qayıdış Şuşadan, Xankəndindən, Laçından Kəlbəcərə, Zəngilana qədər bütün əraziləri əhatə edir və yaxın illərdə bu prosesin uğurla yekunlaşacağına inamımız tamdır".