Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi 18 mart 2026-cı il tarixində Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi şəhər və rayonlardakı attraksionlarda texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmək məqsədilə nəzarət və təlimat xarakterli tədbir keçirib.
SİA xəbər verir ki, tədbir zamanı Agentliyin əməkdaşları attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlayıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün cavabdeh şəxslərə göstəriş və tövsiyələr veriblər. Operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə biliklərə malik olmalı, qanunla nəzərdə tutulmuş qaydada sınaq işlərini həyata keçirməli və gündəlik texniki baxış aparmalıdır.
Həmçinin, attraksionlara cavabdeh fiziki və hüquqi şəxslərdən insanların həyat və sağlamlığının qorunması üçün təhlükəsizlik qaydalarına ciddi riayət etmələri və nəzarəti gücləndirmələri tələb olunur. Tədbir zamanı baş verə biləcək arzuolunmaz hallara qarşı operativ tədbirlərin həyata keçirilməsi barədə də məsul şəxslərə ətraflı məlumat verilib.