“Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası Azərbaycanın inkişafının əsasını təşkil edir” - Elçin Quliyev

18 Mart 2026 11:27 (UTC+04:00)

“Azərbaycan tarix boyu zəngin təbii sərvətləri ilə tanınıb. Xüsusilə Bakı nefti dünya miqyasında böyük şöhrət qazanıb və ölkəmizin neftçiləri bu sahədə mühüm nailiyyətlər əldə ediblər”.

SİA xəbər verir ki, bu fikirləri YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev seçki iclasında çıxışı zamanı səsləndirib.

O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra neft sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub: “Həmin dövrdən etibarən neft-qaz sektoru ilə yanaşı, ölkənin bütün təsərrüfat sahələrində dinamik inkişaf müşahidə olunub”.

Elçin Quliyev qeyd edib ki, 1970–80-ci illər Azərbaycanın neft-qaz sənayesinin tarixində dönüş mərhələsi kimi yadda qalıb: “Yeni texnologiyaların tətbiqi və müasir qazma qurğularının istifadəsi nəticəsində dənizin daha dərin qatlarında yerləşən zəngin yataqlar kəşf olundu, neft və qaz ehtiyatları əhəmiyyətli dərəcədə artdı”.

O vurğulayıb ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra neft sənayesində yaranmış tənəzzülün aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb: “1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu”.

Elçin Quliyev əlavə edib ki, bu strateji kurs bu gün də uğurla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkə iqtisadiyyatı güclənib, qeyri-neft sektoru inkişaf edib və Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib”.

O, həmçinin bildirib ki, əldə olunan iqtisadi nailiyyətlər ölkənin müdafiə qabiliyyətinin artırılmasına da mühüm töhfə verib: “Bu güc nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və işğal altında olan torpaqlarımız azad edilib”.

Elçin Quliyev qeyd edib ki, bu gün Azərbaycanın neft strategiyası uğurla davam etdirilir və ölkəmiz inkişaf yolunda inamla irəliləyir.