İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikası Milli Komissiyasının 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub.
Bu barədə SİA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda yerləşən regional ofisdə ICESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üçüncü iclası keçirilib. Yığıncaqda Milli Komissiyanın sədri, mədəniyyət naziri Adil Kərimli gündəlik haqqında məlumat verib, ölkəsinin ICESCO ilə əməkdaşlığından danışıb.
Qeyd olunub ki, ICESCO ilə əlaqələrin inkişaf edirilməsi ölkəsi üçün xüsusi önəm daşıyır. Bu əməkdaşlıq Azərbaycanın İslam dünyasındakı mövqeyini möhkəmləndirir, multikulturalizm və tolerantlıq modelini təbliğ edir, həmçinin beynəlxalq səviyyədə humanitar və mədəni diplomatiyanın effektivliyini artırır.
Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan-ICESCO əməkdaşlığı daha da inkişaf edərək yeni səviyyəyə yüksəlib.
Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfindən təşkilatın fəaliyyətinə davamlı dəstək göstərilir. Heydər Əliyev Fondu da Azərbaycanın ICESCO ilə əlaqələrində xüsusi rol oynayır. Fondla ICESCO arasında əməkdaşlıq çərçivəsində müxtəlif layihələr, tədbirlər həyata keçirilib və bu istiqamətdə fəaliyyətin qarşıdakı illərdə daha da genişləndirilməsi nəzərdə tutulur.
Sonra Milli Komissiyanın baş katibi, Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev Katibliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.
ICESCO-nun Bakı Regional Ofisinin direktor müavini Məryəm Qafarzadə çıxışında qısa müddətdə Regional Ofisin fəaliyyətinin tam formalaşdırıldığını deyib. Bildirib ki, bu prosesdə dövlət başçısının göstərişi ilə Mədəniyyət Nazirliyi tərəfindən ofisin fəaliyyətinə zəruri dəstək göstərilib.
Daha sonra Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub, Komissiya üzvlərinin rəy və təklifləri dinlənilib.
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi, deputat Soltan Məmmədov Fondla ICESCO arasında gələcək əməkdaşlıq barədə məlumat verib.
İclasda həmçinin Milli Komissiyanın veb-səhifəsinin təqdimatı olub.
Sonda birgə foto çəkdirilib.