“Bu cür təmaslar qarşılıqlı etimadın güclənməsi üçün mühüm əsas yaradır” - ŞƏRH EDİLDİ

17 Mart 2026 16:03 (UTC+04:00)

“Azərbaycan da, Səudiyyə Ərəbistanı da İranla qonşu dövlətlərdir. İranda baş verən gərginlik və münaqişə isə təbii olaraq hər iki ölkəni yaxından maraqlandırır və onların təhlükəsizliyinə müəyyən təsirlər göstərir”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, bu baxımdan, hər iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqları və görüşləri tərəflər arasında siyasi əlaqələrin inkişafına xidmət edir:

”Eyni zamanda İranla bağlı məsələlər, münaqişənin diplomatik yollarla həlli və regional sabitlik kimi mövzular müzakirə olunur. Bu müstəvidə enerji, xüsusilə neft məsələləri də önəm daşıyır. Azərbaycan da, Səudiyyə Ərəbistanı da neft ixrac edən ölkələrdir və hər ikisi müsəlman ölkəsidir.

Bir çox məsələlərdə onların oxşar mövqelərə malik olması təbiidir. Strateji tərəfdaş ölkələrin xarici işlər nazirlərinin görüşləri regionda baş verən proseslərin müzakirəsi və ümumi təhlükələrə qarşı birgə yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətlidir. Bu cür təmaslar qarşılıqlı etimadın güclənməsi üçün mühüm əsas yaradır”.