"İlaxır çərşənbədə bayram ab-havası güclənir" - FİLOLOQ DANIŞDI

17 Mart 2026 14:27 (UTC+04:00)

"Torpaq çərşənbəsi həm də ilaxır çərşənbə hesab olunur. “İlaxır” sözündən də göründüyü kimi, bu, ilin sonuncu çərşənbəsidir və eyni zamanda yeni ilin - Novruz bayramının başlanğıcının müjdəçisi sayılır".

Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, bu çərşənbə ölkəmizin bir çox bölgəsində bayramdan belə daha təntənəli şəkildə qeyd olunur: "Bütün atributları, ritualları, ayinləri və inancları ilə birlikdə geniş şəkildə keçirilir. Digər çərşənbələrdə müəyyən qədər zəiflik hiss olunsa da, ilaxır çərşənbədə insanlar daha fəal olur, bayram ab-havası daha güclü hiss edilir.

Artıq sübh tezdən hazırlıqlar başlayır. Kişilər həyətlərdə ocaq qalamaq üçün yerlər müəyyən edir, odunları bir yerə toplayırlar. Qadınlar - nənələrimiz və analarımız ev işləri və yemək hazırlığı ilə məşğul olur, qız-gəlinlər isə bayram süfrəsini bəzəyirlər. Bu ənənələr bu gün də bir çox yerlərdə qorunub saxlanılır.
Torpaq çərşənbəsi təbiətin tam oyanmasını simvolizə edir və Novruz bayramına sayılı günlərin qaldığını bildirir. Bu çərşənbə həm də qışın başa çatması, yazın gəlişi ilə bağlı sevincin ifadəsidir. Bu gün müxtəlif fallar, ayinlər və rituallar icra olunur. Onlardan biri də qulaq falıdır. İnsanlar qulaq falına çıxaraq eşitdikləri ilk sözlərə görə öz talelərini, arzularının gerçəkləşib-gerçəkləşməyəcəyini yozurlar.

Uşaqların ən çox sevdiyi ənənələrdən biri isə papaqatmadır. Keçmişdə torba sallama və şal sallama kimi adətlər də var idi. O dövrlərdə evlərin bacaları olduğuna görə bu adətlər daha geniş yayılmışdı. Bu gün isə uşaqlar əsasən papaq ataraq bayram paylarını toplamağa çalışırlar.

Qızlar arasında müxtəlif fal növləri də geniş yayılıb. Üzük falı, iynə falı, su falı kimi inanclar bu gün də yaşadılır. Bəzi qızlar gecə duzlu kökə yeyib yatırlar ki, yuxuda onlara su verən şəxsin gələcək qismətləri olacağına inanırlar. Güzgü falı da maraqlı adətlərdəndir - gecə işıq yandırmadan güzgüyə baxaraq taleyə yazılan insanın əksini görəcəklərinə inanırlar.
Bu çərşənbənin əsas xüsusiyyətlərindən biri də dan gecələrinin keçirilməsidir. Bəzi bölgələrdə buna çilə gecələri də deyilir. İnsanlar səhərə qədər oyaq qalır, dan yerinin sökülməsini gözləyirlər. Səhər tezdən axar sudan su gətirilir və bunun xüsusi uğur gətirdiyinə inanılır.

Bu mərasimlər çox vaxt musiqi sədaları altında keçirilir. Burada saz və zurna kimi milli musiqi alətləri mühüm rol oynayır. Həmin gecə aşıqlar tərəfindən nağıl və dastanlar danışılır, insanlar onları maraqla dinləyirlər. İlaxır çərşənbədə insanlar evlərini və həyətlərini işıqlı saxlayır, pis sözlər danışmamağa çalışırlar. Uşaqların ağlamasına imkan vermirlər ki, kimsə qulaq falına gələndə pis söz eşitməsin. Keçmişdə insanlar küçələrə su səpər, evdən su çıxarardılar ki, bu da xeyir-dua və uğur rəmzi hesab olunurdu.

Bu gün açılan süfrə də xüsusi əhəmiyyət daşıyır. Bəzi bölgələrdə süfrə səhərə qədər yığışdırılmır. İnanca görə, ili necə qarşılasan, il də o cür keçər - bolluq və bərəkət içində".