“Sosial şəbəkələrin geniş yayılması ilə birlikdə insanlar arasında ünsiyyət daha əlçatan olsa da, təəssüf ki, bəzi hallarda bu platformalar vasitəsilə şəxslərin şərəf və ləyaqətini alçaldan ifadələr və ya həqiqətə uyğun olmayan məlumatların yayılması halları da müşahidə olunur. Azərbaycan qanunvericiliyində belə hallara görə məsuliyyət nəzərdə tutulmuşdur”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 147-ci maddəsinə əsasən, böhtan – yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, mediada və ya internet informasiya ehtiyatlarında yayılması cinayət məsuliyyəti yaradır:
“Bu əməli törədən şəxslər min manatdan min beş yüz manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Əgər böhtan şəxsi ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə bağlıdırsa, qanun daha ağır məsuliyyət nəzərdə tutur.
Eyni zamanda, 148-ci maddəyə görə təhqir – yəni şəxsin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması da cinayət hesab olunur. Belə hərəkətlər sosial şəbəkələrdə, mediada və ya kütləvi şəkildə yayıldıqda, həmin şəxs min manatdan min beş yüz manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Qanunvericilik internet mühitində anonimliyin sui-istifadə olunması hallarını da ayrıca nəzərə alır. Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatlarında saxta istifadəçi adları, profillər və ya hesablar vasitəsilə böhtan atma və ya təhqir etmə daha ağır məsuliyyət yaradır. Belə hallarda min manatdan iki min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, iki ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Qeyd etmək lazımdır ki, qanun “saxta profil” anlayışını da konkret müəyyən edir. Yəni sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini müəyyən etməyə imkan verməyən, ad-soyad barədə yalan məlumat yerləşdirilmiş və ya başqa şəxsin məlumatlarından onun razılığı olmadan istifadə edilərək yaradılmış hesablar saxta profil hesab olunur.
Sosial şəbəkələrdə təhqir və ya böhtan xarakterli paylaşım edən şəxsin kimliyi hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı müxtəlif texniki və hüquqi vasitələrlə müəyyən edilir. Zərərçəkmiş şəxs müraciət etdikdən sonra paylaşımın linki, skrinşotlar və digər sübutlar araşdırılır. Daha sonra paylaşımın edildiyi hesabın texniki məlumatları, o cümlədən IP ünvanı müəyyən edilir və internet provayderlərdən alınan məlumatlar əsasında həmin IP-dən istifadə edən şəxs müəyyənləşdirilə bilər.
Beləliklə, sosial şəbəkələrdə fikir ifadə etmək hüququ mövcud olsa da, bu hüquq digər şəxslərin şərəf və ləyaqətinə hörmət prinsipi ilə məhdudlaşır. Hər bir istifadəçi bilməlidir ki, internet mühitində yazılan ifadələr də hüquqi məsuliyyət yarada bilər və qanun belə hallarda zərərçəkmiş şəxslərin hüquqlarının müdafiəsini təmin edir”.
Ayşən Vəli