Yeni Konstitusiya islahatları ölkəyə hədəflərinə nail olmağa imkan verəcəkmi?
Dünyada gedən siyasi, ictimai yeniliklər, demokratik dəyişikliklər bəzi ölkələri Konstitusiya islahatları aparmağa məcbur edir. Qazaxıstanda müasir dövrün tələblərinə uyğun olaraq ölkənin Konstitusiyasında yeni dəyişikliklər edir. Daha doğrusu, martın 15-də Qazaxıstanda ümumxalq referendum keçirildi. Hələ bir qədər əvvəl ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı müvafiq Fərman imzalamışdı. Baş tutan referendum Qazaxtstan cəmiyyəti üçün yenilik hesab olunur. Çünki referendum yolu ilə ölkə Konstitusiyasında bir sıra dəyişikliklər həyata keçirilir. Yeni Konstitusiya layihəsi siyasi partiyalar, ictimai təşkilatlar və ekspertlərdən daxil olan təkliflər nəzərə alınmaqla hazırlanıb. Konstitusiya layihəsinə görə, 145 deputatdan ibarət və yenilənmiş, genişləndirilmiş səlahiyyətlərə malik yeni birpalatalı Parlamentin — Kurultayın yaradılması nəzərdə tutulur. Kurultay proporsional seçki sistemi ilə formalaşdırılacaq, deputatların səlahiyyət müddəti isə 5 il olacaq. Yeni Konstitusiyanın layihəsində diqqətçəkən məsələlərdən biri də Vitse-prezident institutunun təsis edilməsi və milli dialoq üçün yeni platforma olan "Qazaxıstan Xalq Şurasının (Қазақстан Халық Кеңесі) yaradılmasıdır.Artıq Qazaxıstanda ölkənin yeni konstitusiyası ilə bağlı referendumda səsvermə başa çatıb. Səsvermə "Layihəsi 12 fevral 2026-cı ildə mediada dərc olunmuş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?" sualı ilə keçirilib. Referendum iştirakçılarının siyahılarına ümumilikdə 12.461.796 vətəndaş daxil edilib.
Mərkəzi Referendum Komissiyasının məlumatına görə, bütün seçki məntəqələri bağlandıqdan sonra seçici fəallığı 73,24% təşkil edib. Səsvermə martın 15-dəyerli vaxtla saat 20:00-da başa çatıb. 12,4 milyondan çox vətəndaşdan 9.126.850 nəfər səs verib. Xarici KİV-lərə istinadən qeyd etmək olar ki, seçici fəallığı yüksək olub və insanlar azad şəkildə səsvermədə iştirak ediblər. Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da seçki məntəqəsi yaradılıb. Qazaxıstanın Bakıdakı səfirliyində baş tutan yeni Konstitusiya ilə bağlı referendum çərçivəsində səsvermə martın 15-i yerli vaxtla saat 8:00-da başlayıb. Məlumata görə, qeydiyyatdan keçmiş 200 seçicidən 193-ü səsvermədə iştirak edib. Seçicilər arasında Azərbaycan universitetlərinin tələbələri, beynəlxalq təşkilatların əməkdaşları, eləcə də Beynəlxalq STEM Olimpiadasında iştirak etmək üçün Bakıya gələn qazaxıstanlı məktəblilərin valideynləri və müəllimləri, eyni zamanda ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşul olan şəxslər, turistlər olub. Səsvermənin sakit və qanunvericiliyin tələblərinə uyğun keçirildiyi bildirilir.
Qəbul edilərsə, 1 iyul 2026-cı ildə qüvvəyə minəcək
Qazaxıstanın yeni Konstitusiyası ilə bağlı ümumxalq referendumunda seçici fəallığı 73,24% və ya 9.126.850 vətəndaş təşkil edib. Ölkənin Mərkəzi Referendum Komissiyasına istinadən xəbər verir ki, qanuna görə səslərin sayılması müddəti on iki saatdan çox olmamalıdır. İlkin nəticələr Mərkəzi Referendum Komissiyası tərəfindən elan ediləcək. İlkin məlumatlara görə, təklif olunan dəyişikliklərin qəbul edilməsinin lehinə 7.954.667 nəfər səs verib ki, bu da seçicilərin ümumi sayının 87,15%-ni təşkil edir. 898.099 vətəndaş əleyhinə səs verib. 146.558 bülleten etibarsız hesab edilib. İnsanların fəal olması onu deməyə əsas verir ki, cəmiyyət yeni dəyişikliklərin həyata keçirilməsini qəbul edirlər. Qazaxıstanınn tanımış siyasi şərhçisi Janat Momınkulovun bildirib ki, Qazaxıstanda keçirilən referendum qlobal geosiyasi qarışıqlıq və keçirilən islahatlar fonunda vətəndaşların iradəsinin birbaşa ifadəsi üçün vacib bir mexanizmdir: "Bu mexanizm hakimiyyətə strateji qərarlar üçün ictimai dəstək qazanmağa imkan verir və vətəndaşları ölkənin gələcəyi ilə bağlı müzakirələrə cəlb edir. Referendum nəticələri islahatların davamlılığını gücləndirə və uzunmüddətli transformasiyalara dəstəyi genişləndirə bilər".
Ölkə qanunvericiliyinə görə, əgər dəyişiklik MSK tərəfindən təsdiqlənsə o zaman 1 iyul 2026-cı ildə qüvvəyə minəcək. Yeni Konstitusiyaya əsasən, 30 avqust 1995-ci il Konstitusiyasına uyğun olaraq formalaşdırılan Parlament 2026-cı il iyulun 1-dən səlahiyyətlərini dayandırır. Kurultaya seçkilər Prezident tərəfindən bir ay ərzində elan edilməli və Konstitusiyanın qüvvəyə minməsindən sonra iki ay ərzində keçirilməlidir. Birinci çağırış Kurultayının birinci sessiyasının açılışından sonra iki ay ərzində Qazaxıstan Prezidenti Kurultayın razılığı ilə Vitse-prezident təyin etməlidir.
Təbii ki, Qazaxıstanın yeni demokratik dəyişiklikləri ölkənin inkişafına mühüm töhfələr verəcək. Həm də əhalinin hüquq və azadlıqlarının müdafiəsində, iqtisadi, sosial durumlarının daha da yaxşılaşmasında yeni islahatlar mühüm rol oynayacaq. Bu amil eyni dəyərlərə, ənənələrə malik olan Azərbaycan vətəndaşlarını məmnun edir. İki dost, qardaş ölkə arasında əlaqələr əksər ölkələrə nümunə ola biləcək mərhələyə qədəm qoyub.
Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr dostluğa, qardaşlığa əsaslanır
Azərbaycanla Qazaxıstan arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr hər ötən gün daha da dərinləşir. Bir qədər əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Kazinform" agentliyinə verdiyi müsahibə dediyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə tam gücü ilə inkişaf edir. Prezident İlham Əliyev müsahibədə onu da qeyd etmişdir ki, son onilliklər ərzində xalqlarımız arasında formalaşmış tarixi qardaşlıq, dostluq və ortaq türk kimliyi strateji tərəfdaşlığın əsasını təşkil edir: "Bu münasibətlər qarşılıqlı hörmət, ortaq dəyərlər, mədəni ənənələr və mənəvi yaxınlıq üzərində qurulub. İkitərəfli əlaqələrin davamlı inkişafında dövlət başçıları arasında olan fəal və konstruktiv dialoq mühüm rol oynayır".
Qazaxıstanla Azərbaycan arasında dostluğun, qardaşlığın daha bir nümunəsi Qazaxıstanın işğaldan azad edilmiş Füzuli şəhərində Uşaq İncəsənət Mərkəzini inşa etməsidir. İndiyədək iki ölkə arasında təxminən 170 sənəd imzalanıb. Onlar ikitərəfli əməkdaşlığın hüquqi bazasını və institusional mexanizmlərini möhkəmləndirir. Bu sənədlər arasında Azərbaycan ilə Qazaxıstan arasında Strateji Tərəfdaşlıq və Müttəfiqlik Münasibətləri haqqında Müqavilə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Qazaxıstan BMT, Türk Dövlətləri Təşkilatı (TDT) və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. Bu əlaqələr bundan sonra da davam edəcəyi şübhəsizdir.
İLHAM ƏLİYEV