Sevgi münasibətlərində qısqanclıq tez-tez müzakirə olunan mövzulardandır. Bəziləri qısqanclığı sevginin təbii və qaçılmaz hissəsi hesab edir, digərləri isə bunun münasibətlərdə gərginlik yaradan amil olduğunu düşünür. Bəs görəsən, qısqanclıq hara qədər normal sayılır? Bu hiss nə vaxt münasibətlər üçün təhlükəli həddə çatır?
Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, sevgi münasibətlərində qısqanclıq hissləri çox vaxt normal sayılır, amma bəzən normadan artıq olduqda bu, həddindən artıq problemə, hətta xəstəlik dərəcəsinə qədər çata bilər:
"Bəzən isə narsist insanlar olur ki, onlarda sadəcə qısqanclıq deyil, “mənim istəklərim olmadı” deyə narahatlıq da yaranır. Bəzən isə kontrolu itirmək qorxusu olur. Bu qorxu yalancı qısqanclığa səbəb ola bilər. Normalda sevgi münasibətlərində qısqanclıq hissləri olur və düşünürəm ki, bir psixoloq olaraq da bu olmalıdır. Çünki əgər mən bir insanı qısqanmazsam, onun harada olduğunu, necə olduğunu düşünməsəm, narahat olmazsam, bu, səmimi sevgi münasibəti demək deyil.
Amma qısqanclığın da həddi var. Əgər qısqanclıq səbəbsiz olaraq baş verirsə, bütün günü beynimizdə fərqli ssenarilər yaranırsa və qarşı tərəfi günahlandırırıqsa, daimi olaraq isə “bu insan mənə nəsə edəcək, səhv edəcək” kimi düşüncələrimiz varsa, bu, insanın şəxsi problemidir. Yəni şəxsi psixoloji narahatlıqdır və bunu biz qısqanclıq yox, artıq xəstəlik dərəcəsində bir hiss kimi anlaya bilərik. Düşünürəm ki, sağlam sevgi münasibətində kiçik qısqanclıqlar ola bilər. Bu, qarşı tərəfə olan güvənsizliyimizdən deyil, sadəcə kənardan müdaxilələrdən yaranır. Məsələn, kimsə mənim həyatımda olan insanın könlünü xoş edə bilər və ya onun ürəyincə olar. Bu düşüncələr bəzən kişilərdə və qadınlarda ola bilər. Bu hisslər kiçik və normal hisslərdir. Amma əgər biz bunu paylaşmırıqsa, qarşı tərəflə danışmırıqsa və içimizdə saxlayıb böyüdürüksə, bu artıq xəstəlik əhədinə qədər çata bilər".