Yaxın Şərqdə artan gərginlik fonunda dünya enerji marşrutlarının təhlükəsizliyi yenidən gündəmə gəlib. Xüsusilə, qlobal neft tədarükünün böyük hissəsinin keçdiyi Hörmüz boğazı ilə bağlı mümkün risklər beynəlxalq bazarlarda ciddi narahatlıq yaradır. Bəs, bu strateji boğaz bağlanarsa, bu dünya iqtisadiyyatına hansı təsirlər göstərə bilər?
Məsələ ilə bağlı iqtisadçı Vüqar Bayramov SİA-ya açıqlamasında bildirib ki, İran müharibəsinin təsir etdiyi daşımalar Hörmüz boğazı vasitəsilə həyata keçirilən daşımalarla əlaqədardır:
"Nəzərə alsaq ki, Hörmüz boğazından dünya üzrə neft və enerji resurslarının 20%-dən çoxu daşınır. Və təbii ki, boğazın bağlanması artıq neftin dünya bazar qiymətlərinə təsir göstərir və qiymət artımları müşahidə olunmaqdadır. Bu kontekstdə daha təhlükəsiz marşrutlar və onların qorunması artıq prioritetləşib. Eyni zamanda bu, həm də sülh və əməkdaşlığın daha da aktual olması və bu istiqamətdə səylərin davam etdirilməsini bir daha gündəmə gətirir.
Dünya iqtisadiyyatına təbii təsirləri var, çünki neftin dünya bazar qiymətində artımlar müşahidə olunur. Bu da qlobal bazarda inflyasiya meyllərini sürətləndirə bilər. Neft idxal edən ölkələrin xərclərinin artmasına gətirib çıxarır. Nəticə etibarilə həmin ölkələrdə istehsal edilən məhsulların da qiymətlərində artımlar müşahidə olunur ki, bu da təbii olaraq dünya bazarında qiymət artımlarına zəmin yaradır. Bu baxımdan, yükdaşımalarındakı çətinliklər, xüsusən də Hörmüz boğazının bağlanması dünya iqtisadiyyatı üçün mənfi təsirlərə malikdir. Bu isə bir daha yükdaşımalarında alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyətini artırmış olur".