Azərbaycanda 2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16 Mart 2026 15:03 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 85 614 "ASAN İmza" elektron imza sertifikatı verilib.

Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.

Hesabat dövründə "ASAN İmza"lar 54 844 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 5,8 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.