"İşğaldan azad olunmuş ərazilərə geri qayıdış təmin olunur" - DEPUTAT DANIŞDI

16 Mart 2026 13:42 (UTC+04:00)

"2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövləti olaraq əldə etdiyimiz möhtəşəm qələbə ilə regionda yeni reallıqlar yaratdıq. Azərbaycanın işğal altında olan ərazilərinin əhəmiyyətli hissəsi azad olundu. Daha sonra həyata keçirilən lokal əməliyyatlar və nəhayət 2023-cü il Qarabağ antiterror əməliyyatı nəticəsində Azərbaycan öz ərazilərinə tam nəzarəti bərpa etdi və faktiki olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində Azərbaycanın üzərinə götürdüyü əsas və məsuliyyətli vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərə vaxtilə həmin torpaqlardan qovulmuş, uzun illər məcburi köçkün və qaçqın həyatı yaşamış Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarına qayıdışını təmin etməkdir: "Bu məqsədlə artıq 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev 2022-2026-cı illərdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının qəbul edilməsi ilə bağlı sərəncam imzaladı. Həmin sərəncamın icrası üçün mexanizmlər müəyyən edildi və bu dövr ərzində çox mühüm layihələr həyata keçirilib və hazırda da həyata keçirilir.

Bu müddət ərzində azad olunmuş ərazilərdə üç böyük beynəlxalq hava limanı tikilib. Bunlar Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı və Laçın Beynəlxalq Hava Limanıdr. Bununla yanaşı, geniş infrastruktur layihələri həyata keçirilib, yeni avtomobil yolları çəkilib və yaşayış məntəqələrinin bərpası istiqamətində ciddi işlər görülüb.
Eyni zamanda on minlərlə Azərbaycan vətəndaşı artıq öz dədə-baba yurduna qayıtmaq imkanı əldə edib. Azad olunmuş ərazilərdə paralel olaraq iqtisadi fəaliyyətin canlandırılması üçün sənaye parkları və iqtisadi zonalar yaradılıb. Bunlara Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası və Dost Aqropark kimi layihələr daxildir. Bu müəssisələr artıq fəaliyyətə başlayıb və uğurla işləyir.

Bu sənaye parklarının yaradılması əsasən ona xidmət edir ki, doğma torpaqlarına qayıdan Azərbaycan vətəndaşlarının məşğulluq problemləri həll olunsun və onların məskunlaşdıqları ərazilərdə işlə təmin olunmaları mümkün olsun.
Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı 2022–2026-cı illəri əhatə edir və 2026-cı ilin sonuna qədər proqramın birinci mərhələsinin tamamlanması nəzərdə tutulur. Bu çərçivədə səhiyyə müəssisələrinin, tibb mərkəzlərinin, eləcə də ASAN xidmət və ASAN Dost mərkəzlərinin yaradılması planlaşdırılır.

Proqrama əsasən, 2026-cı ilin sonuna qədər təxminən 40 minə yaxın ailənin işğaldan azad olunmuş ərazilərə geri qayıdışı təmin ediləcək. Ümumilikdə isə Böyük Qayıdış proqramının birinci mərhələsinin sonuna qədər təxminən 140 minə yaxın məcburi köçkün Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıdacaq.

Bu proqram çərçivəsində azad olunmuş ərazilərdə 100 yaşayış məntəqəsinin yenidən qurulması və məskunlaşdırılması nəzərdə tutulur. Layihələrin əhəmiyyətli hissəsi artıq həyata keçirilib və proses hazırda da davam edir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçiriləcək işlərə uyğun olaraq, 2026-cı ilin sonuna qədər layihələr üçün 30 milyard manatdan artıq dövlət vəsaitinin ayrılması və xərclənməsi nəzərdə tutulub.

Bu proqram çərçivəsində məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, peşə təhsili müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin tikilməsi və istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda artıq məlum olduğu kimi, Qarabağ Universiteti istifadəyə verilib. Universitetin hər il yeni tədris korpuslarının tikilməsi ilə genişləndirilməsi və burada təhsil alan tələbələrin imkanlarının daha da artırılması nəzərdə tutulur.

2022-ci ildən başlayaraq Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının həyata keçirilməsi uğurla davam edir. Bu proqramın 2026-cı ilin sonuna qədər yekunlaşması planlaşdırılır. Bu çərçivədə geniş infrastruktur layihələri həyata keçirilir. Xüsusilə 26 avtomobil yolu layihəsinin tamamlanması nəzərdə tutulub. Eyni zamanda Xankəndi və Şuşa şəhərləri faktiki olaraq yenidən qurulur. İşğaldan azad olunmuş digər şəhər və rayonlarımız - Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər və Füzuli də geniş şəkildə bərpa edilir.

Yeni yaşayış məntəqələri inşa olunur və insanların öz doğma torpaqlarına qayıtması prosesi uğurla davam edir.
Böyük Qayıdış proqramının növbəti mərhələləri planlaşdırıldığı kimi davam edəcək. Nəzərdə tutulur ki, proqramın növbəti mərhələləri 2026-cı ildən sonra da davam etdiriləcək və 2040-cı ilə qədər üç əlavə mərhələni əhatə edəcək. Bu mərhələlərin həyata keçirilməsi ilə Böyük Qayıdış proqramının tam şəkildə icrası təmin ediləcək. Bu dövr ərzində vaxtilə qaçqın və məcburi köçkün həyatı yaşamış, işğal altına düşmüş ərazilərdən didərgin salınmış vətəndaşlarımızın böyük hissəsi öz doğma torpaqlarına qayıdacaq və Qarabağ bölgəsi yenidən tam şəkildə məskunlaşdırılacaq.

Artıq bu gün işğaldan azad olunmuş ərazilərdə ciddi canlanma müşahidə olunur. İnsanların geri qayıtması ilə bölgədə həyat yenidən dirçəlir. Həyata keçirilən layihələr miqyasına görə həqiqətən də çox böyük və bənzəri az olan layihələrdir.
Bu layihələr Azərbaycanın yalnız siyasi gücünü deyil, eyni zamanda iqtisadi potensialını da nümayiş etdirir. Bu gün Azərbaycan enerji istehsal edən və enerji ixrac edən ölkələrdən biridir. Ölkəmiz zəngin karbohidrogen ehtiyatlarına malikdir və neft-qaz məhsulları dünya bazarlarına ixrac olunur.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərin potensialından istifadə etməklə alternativ enerji layihələri də həyata keçirilir. Bu bölgələrdə külək və günəş enerjisindən istifadə imkanları genişdir. Eyni zamanda hidroenerji potensialından və su ehtiyatlarından istifadə etməklə alternativ enerji istehsalının artırılması planlaşdırılır. Gələcəkdə bu enerji resurslarının bir hissəsinin xarici ölkələrə ixrac edilməsi də nəzərdə tutulur.

Bütün bunlar Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün nəticəsidir. Azərbaycan regionda yeni reallıqlar yaradaraq bölgədə sülh və sabitliyin təmin olunmasına töhfə verir və həyata keçirilən layihələr sayəsində Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmaq imkanı əldə edirlər".