"Empatiya ailədə anlaşmanın əsas şərtidir" - PSİXOLOQ İZAH ETDİ

16 Mart 2026 12:39 (UTC+04:00)

"Ümumiyyətlə, ailə elə bir mühitdir ki, hər bir insan məhz orada tədricən həm özünü, həm də qarşı tərəfi daha yaxşı anlamağa başlayır. Ailədə qarşılıqlı anlaşmanı nizamlamaq üçün insan müəyyən yaş mərhələsində özünü təkmilləşdirməli, inkişaf etdirməlidir. İnsan həyata bağlanmaq üçün müəyyən şərtlərə sahib olmalı və bu prosesdə ətrafındakı insanların tövsiyələri də çox önəmli rol oynayır".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, insanın müəyyən bir təfəkkür potensialı olmalıdır ki, o, həyatını hansı səviyyədə dərk etdiyini, ümumiyyətlə həyatdan nə istədiyini, qarşı tərəfdən gözləntilərinin və tələblərinin nədən ibarət olduğunu anlaya bilsin. İnsan bunları nizamladıqda qarşı tərəfi də daha yaxşı anlamağa başlayır: "Zaman-zaman konfliktlər yarana bilər. Bu konfliktlər həm destruktiv, həm də konstruktiv xarakter daşıya bilər. Lakin insanlar zaman keçdikcə təcrübə topladıqları üçün bu konfliktləri həll etməyi öyrənirlər. Qarşılıqlı anlaşma müxtəlif vəziyyətlərdə pozula bilər və bu, hər bir insanda fərdi yanaşmaya və xarakterə uyğun şəkildə formalaşır.

Ailədə qarşılıqlı anlaşmanı gücləndirmək üçün insanın yaşından, dünyagörüşündən və həyat təcrübəsindən asılı olaraq özünü düzgün dəyərləndirməsi, davranışlarını təkmilləşdirməsi vacibdir. İnsanlar bəzən özlərini qurban və ya zərərçəkən kimi görür, hər kəs yalnız öz istədiyini həyata keçirmək istəyir. Bu, qarşılıqlı anlaşmanın pozulmasına səbəb olur.

Hər kəs həyatı öz istədiyi kimi yaşamaq istəyir, lakin istəklərin real olub-olmaması və həyatda doğruluğu fərqli ola bilər. Bəzən istəklər insanlara ziyan verə, bəzən isə istəmədiklərimiz əslində daha xeyirli ola bilər. İnsan yaşadıqca və təcrübə qazandıqca bunun fərqinə varır.

Ailədə qarşılıqlı münasibətlərin pozulmasının digər səbəbi insanların psixoloji dayanıqlığının zəifləməsidir. İnsanlar çox vaxt öz haqlarını düzgün olmayan formada tələb edir. Bu zaman empatiya hissi zəifləyir və nəticədə anlaşma pozulur. Empatiya güclü bir hissdir, lakin hər kəsdə eyni səviyyədə inkişaf etməyib. Bəzi insanlarda bu hiss zəifdir və ya ümumiyyətlə mövcud deyil. Bu səbəbdən qadın və kişi arasında ciddi anlaşmazlıqlar yaranır. İnsanlarda şübhələr meydana çıxır və bu şübhələr bəzən o qədər güclənir ki, insanlar hadisələrin arxasınca gedərək onları təsdiqləməyə çalışırlar. Nəticədə anlaşma daha da pozulur.

Hər kəs xarakterinə, aldığı tərbiyəyə və genetik xüsusiyyətlərinə uyğun davranış sərgiləyir. Qarşılıqlı anlaşmanı gücləndirmək üçün insanlar həyatın fəlsəfəsini anlamalı, özlərini tanımalı, özünə hörmət etməli və özünə dəyər verməlidirlər. Bu, qarşı tərəfə də layiq olduğu dəyəri verməyə imkan yaradır.

İnsan həmçinin qarşı tərəfdə bəyənmədiyi xüsusiyyətlərin əslində problem yaradıb-yaratmadığını dəyərləndirməlidir. Əgər problem onun özündədirsə, yenidən ailə qurmaq istədikdə istədiyi xüsusiyyətlərə sahib bir insan tapmaq çətin ola bilər. İnsan əvvəlcə özünü tanımalı və özünə dəyər verməlidir ki, qarşı tərəfə də layiq olduğu hörməti verə bilsin".