“Bakıda keçiriləcək forum şəhərsalma sahəsində yeni imkanlar yaradacaq” - DEPUTAT DANIŞDI

16 Mart 2026 12:44 (UTC+04:00)

“World Urban Forum şəhərsalma üzrə ən böyük qlobal platformalardan biridir. Bu platformada şəhər planlaşdırılması, dayanıqlı inkişaf, ağıllı şəhər modelləri və yaşıl infrastrukturla bağlı mövzular müzakirə olunur”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, Bakıda keçiriləcək World Urban Forum 13-ün 13-cü sessiyasında da müzakirə olunacaq mövzular şəhərlərimizin yeni beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verəcək:

“Bu da şəhərlərin daha komfortlu və dayanıqlı inkişafına kömək deməkdir. İşğaldan azad olunmuş ərazilərimiz yenidən qurulur və bərpa edilir. Bu gün həmin ərazilərdə müasir standartlara uyğun yeni şəhərlər ərsəyə gəlir. Forumda biz bu sahədə öz təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşəcəyik və beynəlxalq tərəfdaşlarımızın yaxşı təcrübəsindən istifadə edəcəyik. Bu baxımdan şəhərsalma forumu həm də təcrübə mübadiləsinin aparılması üçün bir fürsətdir.

Forum çərçivəsində ölkəmizin bu sahədə investisiya potensialını da təbliğ edə biləcəyik. Bu isə ölkəmizin şəhərsalma və memarlıq sahəsinə investisiyaların cəlb olunmasına imkan yaradacaq.

World Urban Forum BMT-nin nüfuzlu tədbiri olduğundan, belə tədbirləri keçirən ölkələrin qlobal şəhərsalma mərkəzi kimi tanınmasına, beynəlxalq nüfuzunun artmasına və regional liderlik rolunun güclənməsinə töhfə verir.

Regionumuzda cərəyan edən proseslərə nəzər yetirdikdə görürük ki, Azərbaycan regional sabitliyin mərkəzi olan ölkələrdən biridir. Ölkəmizə gələcək çoxlu sayda qonaq Azərbaycanla yaxından tanış olmaq imkanı əldə edəcək. Bu da yeni əməkdaşlıqların qurulmasına, dostlarımızın və tərəfdaşlarımızın sayının artmasına töhfə verəcək”.