“XIII Qlobal Bakı Forumu mühüm beynəlxalq platforma kimi diqqət mərkəzində oldu” -DEPUTAT DANIŞDI

16 Mart 2026 11:49 (UTC+04:00)

“Bakıda keçirilən XIII Qlobal Bakı Forumu müasir dünyanın mürəkkəb siyasi mənzərəsini əks etdirən mühüm beynəlxalq platforma kimi yenə diqqət mərkəzində oldu. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda təşkil olunan forumda Prezident İlham Əliyevin çıxışı xüsusilə seçildi”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, Bu çıxışda həm bu gün dünyada gedən proseslərə aydın münasibət ifadə olundu, həm də Azərbaycanın dəyişən beynəlxalq şəraitdə tutduğu mövqe konkret şəkildə ortaya qoyuldu:

“Prezident İlham Əliyev çıxışında göstərdi ki, dünya hazırda ciddi keçid mərhələsindən keçir. Münaqişələrin artması, beynəlxalq hüququn bəzən selektiv tətbiqi, siyasi etimadsızlığın dərinləşməsi və təhlükəsizlik risklərinin çoxalması yeni reallıq formalaşdırır. Belə bir şəraitdə dövlətlərin əsas vəzifəsi öz milli maraqlarını, təhlükəsizliyini və müstəqil siyasətini qorumaqdır. Azərbaycanın mövqeyi də məhz bu prinsiplər üzərində qurulub.

Çıxışın mühüm cəhətlərindən biri Azərbaycanın keçdiyi yolun beynəlxalq auditoriyaya siyasi təcrübə kimi təqdim olunması idi. Uzun illər işğaldan əziyyət çəkmiş Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda yeni qarşıdurma yox, sülh və əməkdaşlıq gündəliyi irəli sürür. Bu, Prezident İlham Əliyevin siyasi yanaşmasının əsas məğzini təşkil edir. Yəni güc və qətiyyət sülh niyyəti ilə tamamlanır.

Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüquq və ədalət məsələsi də xüsusi yer tutdu. Dövlət başçısı dolayısı ilə onu göstərdi ki, ikili standartlar və selektiv yanaşma qlobal sabitliyə xidmət etmir. Əksinə, bu cür münasibət yeni gərginliklər yaradır. Azərbaycan isə öz təcrübəsindən çıxış edərək beynəlxalq münasibətlərdə daha ədalətli və məsuliyyətli yanaşmanın vacibliyini önə çəkir.

Çıxışın ümumi ruhu bir daha təsdiqlədi ki, Azərbaycan bu gün yalnız öz maraqlarını qoruyan dövlət deyil, eyni zamanda beynəlxalq dialoqa töhfə verən, əməkdaşlığı təşviq edən və sülh gündəliyini müdafiə edən ölkədir. Prezident İlham Əliyevin Forumdakı nitqi də məhz bu baxımdan Azərbaycanın dəyişən dünya nizamındakı rolunu və siyasi çəkisini aydın şəkildə nümayiş etdirdi”.