Rusiyada “inək iğtişaşları” baş qaldırır..?

15 Mart 2026 19:05 (UTC+04:00)

...Rusiya bölgələrində pasterellyoz epidemiyası ilə mübarizə bəhanəsi ilə kiçik fermerlərdən və kəndlilərdən kütləvi şəkildə mal-qara müsadirə olunur.

Deyilənlərə görə, Rusiyanın Penza və Novosibirsk vilayətlərindəki kəndlərdə, eləcə də Altay diyarında etirazlar başlayıb.

Səbəb pasterellyoz olduğu düşünülən xəstəliyin yayılması fonunda hakimiyyət orqanları tərəfindən mal-qaranın kütləvi şəkildə qırılması olub.

SİA-nın əldə etdiyi məlumata görə, Dialog.UA xəbər verir ki, son bir həftə ərzində yerli sakinlərin vəziyyətlə bağlı çoxsaylı video mesajları internetdə görünməyə başlayıb.
Fermerlərin sözlərinə görə, sanitariya-epidemioloji stansiya hüquq-mühafizə orqanları ilə birlikdə onlardan atları, inəkləri, keçiləri və qoyunları müsadirə edir, heyvanları kəsir və yandırırlar.

Sağlam mal-qara da kəsilir və ilkin müayinə aparılmır. İnsanlara heç bir sənəd verilmir, hətta "karantin"in səbəbi belə, yalnız "təhlükəli xəstəlik"ə istinad edilərək göstərilmir. Fermerlər və kiçik fermer təsərrüfatları sahibləri Vladimir Putinə "qanunsuzluğun" qarşısını almaq üçün müraciətlər yazır.

Onlar dolanışıqsız və aclıq həddində qalacaqlarından şikayətlənirlər.

Lakin bu videolara heç bir reaksiya verilməyib. Yerli sakinlər iddia edirlər ki, iri kənd təsərrüfatı sahələrinə sanitariya-epidemioloji xidmət tərəfindən toxunulmur.

Fermerlər şübhələnirlər ki, mal-qaranın qırılması rəqiblərdən yaxa qurtarmaq üçün böyük biznes tərəfindən lobbiçilik edilir. Z-bloqçu İvan Otrakovski çıxış edib. O, bloqunda Rusiya hakimiyyətini "xalqa qarşı cinayət"də günahlandırıb.

...Onlar fermerləri, ölkənin ərzaq təchizatını, orta təbəqəni məhv edir, xalqı tamamilə yoxsullaşdırırlar. Hakimiyyət bunu ya inhisarların maraqları naminə edir, ya da süni aclıq yaradır. Hər ikisi xalqa qarşı cinayətdir, - deyə təbliğatçı bildirib.

Əli Babayev