...İslamın demək olar ki, tanınmadığı Peruda Ceni Qamarra Amira uşaqlığını və yeniyetməliyini müsəlman mədəniyyətindən uzaqda keçirib.
İndi, İslamı qəbul etdikdən 15 il və Türkiyədə yaşadıqdan 13 il sonra, Süleymaniyyə Məscidində ispandilli turistlərə inancının əsaslarını izah etmək üçün könüllü olaraq çalışır.
SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Hara gedim? Kilsəyə qayıda bilmərəm…
Amiranın təxminən 20 il əvvəl gördüyü bir yuxu hər şeyi dəyişdirdi. Yuxuda o, əzəmətli bir memarlıq quruluşuna aparan uzun bir yol gördü. O vaxt o, hələ bunun məscid olduğunu bilmirdi.
…Yuxuda çox gözəl bir məscid gördüm və ora getmək istədim. Əslində, məscidin nə olduğunu belə bilmirdim, ona görə də araşdırma aparmağa başladım. Bunun məscid olduğunu anladım, - deyə Amira xatırlayır.
Cavabları tapmaqda ona kömək edəcək heç kim yox idi. Yalnız bir neçə il sonra o, Perulu bir müsəlmanla tanış olub. Ramazan ayında idi və kişinin inancı üçün oruc tutması onu çox təsirləndirib.
…O, mənə İslam haqqında danışdı və kitablar verdi. Bir neçə aydan sonra başa düşdüm ki, artıq kilsəyə getmək istəmirəm, - deyə qadın bildirir.
İslamı qəbul etmək qərarı onun üçün asan olmayıb, çünki Peruda bu din demək olar ki, tanınmır.
…Bu, çox çətin bir qərar idi. Mən heç bir müsəlman tanımırdım və məscid yox idi. Çox narahat idim: beş vaxt namazımı necə qılacağam, ailəm necə reaksiya verəcək? Bunu Amira etiraf edir.
Amma ürəyi ona yol göstərdi.
…Sonda bunu ürəyimdə açıq şəkildə hiss etdim və müsəlman oldum. Ailəm və dostlarım mənfi reaksiya verdilər, amma mən inadkarlıqla davam etdim. İki il sonra ailəm qərarımı qəbul etdi, - deyə o, inadkarlığının yaxınlarının qınağını dəf etməsinə kömək etdiyini vurğulayır.
“Türkiyə mənim əsl vətənimə çevrildi”…
Amira ilk dəfə 13 il əvvəl bir təşkilatın dəvəti ilə İstanbula gəlmişdi. Şəhər onu o qədər səmimi qarşıladı ki, o, dərhal özünü evdəki kimi hiss etdi.
…İstanbulda təyyarədən düşdüyüm andan etibarən mənə çox yaxşı münasibət göstərildi. Burada özümü qərib kimi hiss etmədim, elə bil, sanki evdəyəm.
“Türkiyə mənim əsl evim oldu”, - deyə o, ehtirasla bildirir. Əmira qısa müddətə vətəninə qayıtdı, amma ürəyinin İstanbulda qaldığını anladı və tezliklə birdəfəlik geri döndü.
Lazımi biliklərə yiyələndikdən sonra o, hazırda Süleymaniyyə Məscidinin Mədəniyyətlərarası Ünsiyyət Fondunda könüllü işləyir.
Onun xüsusi missiyası ispandilli ziyarətçilərlə işləməkdir.
…İndi Süleymaniyyə məscidində, xüsusən də ispandilli turistlərlə İslam haqqında danışıram. İngilis dilində də danışmağa çalışıram, - deyə Amira izah edir.
Fonddakı digər könüllülərlə birlikdə o, mediada tez-tez təsvir edilən İslamın mənfi imicini silməyə çalışır.
…Biz mediada yaradılan İslamın pis imicini silməyə çalışırıq və eyni zamanda insanları İslam haqqında maarifləndiririk, - deyə o əlavə edir.
Onun işi öz bəhrəsini verir: insanlar tez-tez ona yeni biliklərinə görə təşəkkür edirlər.
İnsanlar adətən deyirlər: “Biz bunu bilmirdik, çox sağ olun". Bu, məni çox xoşbəxt edir. Mən burada çox xoşbəxtəm. Ümid edirəm ki, yaxşı şeylərin səbəbkarı ola bilərəm”, - deyə Əmira uzaq bir xəyalla başlayan və onu əsl evinə və çağırışına aparan hekayəsini yekunlaşdırır.
Əli Babayev