“Süni intellekt, kiber və biotexnologiya sahələri sürətlə inkişaf edir və bu inkişafı izləmək və uyğun şəkildə idarə etmək olduqca vacibdir”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Xlll Qlobal Bakı formunun “Süni intellekt”idarəetmə və innovasiyanın etikası” na həsr olunmuş panelində bildirib.
O bildirib ki, burada əsas məsələ idarəçiliyi yalnız statik, dəyişməz bir anlayış kimi qəbul etməməkdir. Əgər idarəçilik sistemi çevik olmazsa, innovasiya prosesləri boğula bilər, texnologiya cəmiyyət üçün risk mənbəyinə çevrilə bilər. Bu gün qarşılaşdığımız ən böyük çağırışlardan biri “zamanlama tələsi”dir: əgər tənzimləmələr çox erkən tətbiq olunarsa, innovasiyanı məhdudlaşdırmaq riski yaranır; əksinə, əgər çox geciksək, artıq həll edə bilməyəcəyimiz risklər və problemlərlə qarşılaşa bilərik.
Buna görə də əsas vəzifə, qaydaların həm innovasiya üçün kifayət qədər elastik, həm də cəmiyyətimizi, uşaqlarımızı, iqtisadiyyatımızı və ətraf mühiti qorumaq üçün kifayət qədər güclü olduğu “ideal idarəetmə nöqtəsini” tapmaqdır. Bu, təkcə qaydaların mövcud olması deyil, həm də onların praktikada tətbiqinin effektiv olması deməkdir.
Bunu həyata keçirmək üçün dövri idarəçilik yanaşması vacibdir. Bu yanaşma aşağıdakı mərhələləri əhatə edir: aydın və konkret qaydalar müəyyən etmək, bu qaydaları real şəraitdə sınamaq, meydana çıxan səhvlərdən öyrənmək, hüquqi və tənzimləyici çərçivəni davamlı olaraq yeniləmək və bütün bunların ardınca düzgün idarəetməni təmin etməkdir. Belə yanaşma həm dövlət orqanlarını, həm də özəl sektoru prosesə cəlb etməyə imkan verir və davamlı təkmilləşməni təmin edir”.