"Forum mürəkkəb dünya şəraitində yeni beynəlxalq nizam üçün vacib müzakirə platformasıdır" - ŞƏRH

13 Mart 2026 15:15 (UTC+04:00)

"Doğrudan da dünyanın çox mürəkkəb keçid dövrünü yaşayırıq. Qlobal Bakı Forumunun belə günlərdə keçirilməsi bəlkə də təsadüf yox, ilahinin bildiyi səbəblər üzərindən bir zərurətdir. Çünki adətən Bakı forumlarında dünyanı narahat edən bir sıra aktual mövzular müzakirə olunub və maraqlı ideyalar səsləndirilib".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bəlkə də indiyə qədər olan forumlarda səsləndirilmiş fikirlərin həyata keçirilməsinə əlaqədar dünya qüvvələri o qədər də maraq göstərməyiblər:

"Təbii ki, bu ideyalar heçə getməyib, ancaq bugünkü 13-cü Bakı Forumunda müzakirə olunan məsələlər və ortaya qoyulan fikirlər dünyanın taleyi ilə birbaşa bağlıdır. Buna görə də bu forumda iştirak edən ölkə təmsilçiləri ilə bərabər, hətta iştirak etməyən ölkələrin təmsilçiləri də prosesi ciddi şəkildə izləməli və ondan nəticələr çıxarmalıdırlar. Çünki həqiqətən də bu gün dünya çox təhlükəli bir keçid dövrü yaşayır və bu dövrün əsas xüsusiyyəti xaosun və məcburetmə mexanizmlərinin güclənməsi ilə bağlıdır. Kimin haqlı olması yox, kimin güclü olması bu gün məsələlərin əsas həll üsuludur. Ən dəhşətlisi və qorxulusu odur ki, köhnə dünya düzənindən rəsmən imtina edilmədiyi halda yeni dünya düzəninin prinsipləri də rəsmən qəbul edilməyib.

Beləliklə, dünya çökməkdə olan və yeni yaradılışının əlamətləri belə görünməyən bir dünya düzəninin arasında qalıb. İndiki şəraitdə dünya proseslərini, dövlətlər arasında münasibətləri və beynəlxalq hüquq normalarını hamılıqla qəbul olunmuş prinsiplər yox, ayrı-ayrı ölkələrin gücü, zorbalığı və zorakılığı müəyyən edir. Çox təəssüf ki, belə şəraitdə çıxış yolları axtaran, həqiqətən səmimi yollar üzərində düşünən ölkələr və platformalar çox azdır. Bugünkü Bakı Forumunu indiki dünyanın xaosu və məcburetmə mexanizmləri dövründən çıxarmaqda həqiqətən maraqlı olan səmimi bir platforma kimi qəbul etmək lazımdır. Dünyanın qapısını almış yeni dağıdıcı dünya müharibəsinin qarşısını almaq üçün Bakı Forumunda çox maraqlı ideyalar və fikirlər səsləndirilir.

Müzakirə olunan məsələlərin mahiyyətinə yanaşanda görmək olur ki, bunlar məhz dünyanın indiki düzənini nizam-intizama daxil etmək cəhdindən başqa bir şey deyil. Xüsusilə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu forumdakı çıxışı, fikrimcə, dünyada mövcud olan bir çox münaqişəli məsələlərin həlli üçün çox səmərəli mexanizm təklifi kimi qəbul oluna bilər. Təbii ki, mexanizmlərin işlənməsi dövlətlərin kollektiv fəaliyyətinin məhsuludur. Lakin İlham Əliyevin çıxışında elə ideyalar var ki, bu ideyalar dünyada konfliktli vəziyyətləri indiki nöqtədən qaldırmaq üçün səmərəli mexanizmlərin yaradılmasında əhəmiyyətli başlanğıc ola bilər".