“Kriptovalyutalar maliyyə sistemlərində mühüm komponentə çevrilib” - EKSPERT DANIŞDI

13 Mart 2026 15:04 (UTC+04:00)

“Müasir qlobal iqtisadiyyat göstərir ki, kriptovalyutalar artıq sadəcə alternativ ödəniş vasitəsi deyil, bir çox inkişaf etmiş ölkələrin maliyyə sistemlərində mühüm komponentə çevrilib” .

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib.

Ekspert qeyd edib ki, bir sıra əməliyyatlar, alqı-satqı prosesləri və investisiya layihələri rəqəmsal aktivlər üzərindən həyata keçirilir və bu, iqtisadi fəaliyyətin yeni texnoloji mərhələyə keçməsinə təkan verir:
“Dünya təcrübəsi göstərir ki, kriptovalyutaların tətbiqi maliyyə sisteminə innovasiyaların daxil olmasını, rəqəmsal texnologiyaların genişlənməsini və əmək bazarında yeni peşələrin yaranmasını sürətləndirir. Rəqəmsal aktivlər həm sahibkarlıq fəaliyyətində, həm də böyük həcmli layihələrin maliyyələşdirilməsində yeni investisiya alətlərinin formalaşmasına şərait yaradır.”

Lakin kriptovalyutaların üstünlükləri ilə yanaşı, riskləri də mövcuddur. Xüsusilə kiberhücumlar, dələduzluq halları və saxta investisiya təklifləri bu sahədə ciddi təhlükələr yaradır. Postsovet məkanında, o cümlədən Azərbaycanda maliyyə savadlılığının kifayət qədər olmaması və rəqəmsal təhlükəsizlik barədə məlumatın az olması riskləri daha da artırır. Bu isə mütəmadi maarifləndirmə tədbirlərinin vacibliyini göstərir.

Beynəlxalq təcrübəyə əsasən, dövlət tərəfindən səmərəli və çevik tənzimləmə mexanizmləri tətbiq edildiyi halda, kriptovalyutalar həm sahibkarlar, həm də ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşması normativ bazanın keyfiyyətindən, təhlükəsizlik standartlarının tətbiqindən və istifadəçilərin məlumatlılıq səviyyəsindən birbaşa asılıdır. Eyni zamanda, düzgün tənzimlənməməsi kiberhücumların, dələduzluğun və digər risklərin artmasına gətirib çıxara bilər.

Hazırkı internet dövründə kriptovalyuta istifadəsində məhdudiyyətlər nisbi xarakter daşıyır. İstifadəçi yalnız şifrələnmiş rəqəmsal açara malik olmaqla dünyanın istənilən nöqtəsindən əməliyyatlar apara bilir. Bu da göstərir ki, dövlətlər kriptovalyutanı qadağan etməkdənsə, onu idarə etmək üçün effektiv mexanizmlər yaratmaqla daha səmərəli nəticələr əldə edə bilər.

Beləliklə, kriptovalyutaların Azərbaycanda tətbiqi həm mümkün, həm də perspektivlidir. Lakin bu proses yalnız kompleks tənzimləmə, təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi və əhalinin rəqəmsal savadlılığının artırılması fonunda iqtisadi artıma real töhfə verə bilər”.