Azərbaycanda vərəsəlik məsələləri ailələr arasında ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Xüsusilə valideynlərdən birinin vəfatından sonra əmlakın necə bölünməsi, kimin hansı paya sahib olması və bu paylardan imtina qaydası ilə bağlı tez-tez suallar yaranır. Bəs, ana təkbaşına qərar verərək evi istədiyi övladın adına keçirə bilərmi?
Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, əgər valideynlərdən biri ölürsə və əmlak da onun adına olarsa, burada artıq vərəsəlik yaranır:
"Vərəsəliyin yaranmasının iki növü var: qanun üzrə vərəsəlik və vəsiyyətnamə üzrə vərəsəlik. Əgər ölüm halında vəsiyyətnamə yoxdursa, o zaman qanun üzrə vərəsəlik tətbiq olunur. Qanun üzrə vərəsəlikdə məsələlər belə həll olunur: əgər ata ölübsə və atanın adına əmlak varsa, həmin əmlak ata ilə ananın nikah dövründə alınıbsa, o zaman həmin əmlakın 50%-i anaya məxsus olur. Yəni vərəsəlik bölünəndə həmin 50% birbaşa anaya verilir. Yerdə qalan 50% isə ana da daxil olmaqla neçə nəfər övlad varsa, onların arasında bərabər şəkildə bölünür. Məsələn, 100 kvadratlıq evdir. Onun 50 kvadratı artıq anaya verildi, çünki nikah dövründə alındığı üçün onun əmlak payı var. Qalan 50 kvadrat isə, əgər 4 uşaq və 1 ana varsa, hərəsinə 10 kvadrat olmaqla bölünür.
Bu zaman həmin əmlakın övladlardan birinə verilməsi üçün kiminsə xüsusi bir üstünlüyü yoxdur — istər ananın, istərsə də o 4 övladdan hər hansı birinin. Əgər vərəsəlik açılırsa və tərəflər razılığa gələrsə ki, əmlak bir nəfərin adına keçirilsin, onda digər vərəsələr — yəni ana da daxil olmaqla — razılıq verərək öz paylarından imtina edə bilərlər. Məsələn, 50% anaya verildi və övladlar istəyir ki, qalan 50% də ananın adına keçsin. O zaman həmin 4 övlad vərəsəlikdə öz paylarından imtina barədə notarial qaydada ərizə yazırlar. Orada qeyd edirlər ki, biz öz payımızdan imtina edirik və payımızın anamıza verilməsini istəyirik. Bu formada mümkündür. Yaxud da ana istəyirsə ki, həmin paylar övladlardan birinə çatsın, onda digər övladların razılığı ilə ana həm öz 50% payından, həm də qalan 50%-dəki payından imtina edə bilər. Hansı övlada veriləcəksə, yenə də dediyim kimi, hər kəs yalnız öz payından imtina edir. Qalan paylardan isə digər pay sahibləri imtina edərək razılaşdıqları şəxsə verə bilərlər. Ümumilikdə vərəsəlikdə əgər kimsə öz payından imtina etmək istəyirsə, onun imtinası yalnız özünə düşən paya aiddir. Başqalarının payından imtina etmək hüququ nə anada, nə də digər övladlarda var".