“Azərbaycan Orta Dəhlizin inkişafı məqsədilə mühüm layihələr həyata keçirir“ - POLİTOLOQ DANIŞDI

13 Mart 2026 14:14 (UTC+04:00)

“Müasir beynəlxalq münasibətlər sistemində qlobal ticarət marşrutlarının şaxələndirilməsi, logistika təhlükəsizliyinin təmin edilməsi və alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılması dövlətlərin iqtisadi və geosiyasi strategiyasında xüsusi əhəmiyyət kəsb edir”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

Onun sözlərinə görə, Avrasiya məkanında geosiyasi gərginliyin artması, ənənəvi nəqliyyat xətlərinin müxtəlif risklərlə üzləşməsi və yeni iqtisadi mərkəzlərin meydana çıxması fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizin əhəmiyyəti daha da artmaqdadır:

“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev, 12 mart 2026-cı il tarixində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumundakı çıxışında səsləndirdiyi fikirlər ilə xüsusi diqqət çəkdi. Dövlət başçımız qeyd etmişdir ki, Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan Orta Dəhlizin genişləndirilməsi üzərində sıx şəkildə işləyir. Bu bəyanat Azərbaycanın regional nəqliyyat və logistika siyasətinin uzunmüddətli strateji istiqamətini aydın şəkildə ortaya qoyur.

Son illərdə ölkəmiz Orta Dəhlizin inkişafı məqsədilə genişmiqyaslı infrastruktur layihələri həyata keçirir, mövcud dəmir yolu və liman imkanlarını modernləşdirir, yükdaşıma qabiliyyətini artırır və logistika sistemlərini rəqəmsallaşdırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti və Xəzər dənizi üzərindən həyata keçirilən daşınmalar artıq Avropa ilə Asiya arasında mühüm tranzit arteriyalarından birinə çevrilmişdir. Artan beynəlxalq tələbat göstərir ki, Azərbaycan yalnız öz milli iqtisadi maraqlarını təmin etməklə kifayətlənmir, eyni zamanda Avrasiyanın müxtəlif regionları üçün etibarlı tranzit və logistika mərkəzi kimi çıxış edir.

Sülh müqaviləsinin imzalanması və regional kommunikasiyaların açılması nəticəsində Ermənistan ərazisindən keçəcək yeni nəqliyyat istiqamətinin formalaşdırılması Orta Dəhlizin coğrafiyasını daha da genişləndirə bilər. Bu istiqamət Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasının birbaşa nəqliyyat, enerji və kommunikasiya xətləri vasitəsilə birləşdirilməsinə imkan yaradacaq ki, bu da ölkənin iqtisadi dayanıqlığı və strateji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Məsələnin digər tərəfi regional iqtisadi inteqrasiyanın genişlənməsi ilə bağlıdır. Ermənistanın müstəqillik tarixində ilk dəfə tranzit ölkə funksiyasını yerinə yetirməsi ehtimalı region dövlətləri arasında qarşılıqlı iqtisadi əlaqələrin güclənməsinə və yeni əməkdaşlıq mühitinin formalaşmasına şərait yarada bilər. Bu isə uzunmüddətli perspektivdə Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və regional iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm zəmin formalaşdıracaq.

Bu prosesdə Azərbaycanın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Belə ki, ölkəmiz regional kommunikasiyaların açılmasını yalnız iqtisadi layihə kimi deyil, həm də post-münaqişə dövründə sülh və əməkdaşlığın dayanıqlı institusional əsaslarının yaradılması kimi qiymətləndirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri artıq sübut etmişdir ki, qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq modeli regionun davamlı inkişafı üçün ən rasional yanaşmadır.

Şərqlə Qərb arasında strateji coğrafi mövqedə yerləşən Azərbaycan həm enerji, həm də nəqliyyat-logistika sahəsində mühüm körpü rolunu oynayaraq Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu isə ölkəmizin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində strateji çəkisinin də əhəmiyyətli dərəcədə yüksəlməsinə xidmət edir.

Cənab Prezidentin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər aydın şəkildə göstərir ki, Ermənistanla sülh perspektivi və regional kommunikasiyaların açılması yalnız ikitərəfli münasibətlərin normallaşması ilə məhdudlaşmır. Bu proses bütövlükdə Cənubi Qafqazın geoiqtisadi transformasiyasına, Orta Dəhlizin yeni mərhələdə genişlənməsinə və Azərbaycanın Avrasiya nəqliyyat sistemində aparıcı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edən mühüm strateji istiqamət kimi qiymətləndirilməlidir”