“Forumda İlham Əliyev təhlükəsizlik və sabitliyin prioritet olduğunu vurğuladı” - POLİTOLOQ DANIŞDI

13 Mart 2026 13:36 (UTC+04:00)

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunda çıxış edən İlham Əliyev beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda təhlükəsizlik və sabitliyin əsas prioritetə çevrildiyini vurğuladı”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, Prezident çıxışında qeyd etdi ki, dünyada artan münaqişələr, yeni gərginlik ocaqları və beynəlxalq hüquqa selektiv yanaşma qlobal sabitlik üçün ciddi risklər yaradır:

”Bu kontekstdə Azərbaycan öz təcrübəsini – uzun illər davam edən işğal, müharibə və sonradan əldə olunan sülh prosesini – beynəlxalq ictimaiyyət üçün mühüm nümunə kimi təqdim edir. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün qurulmasına və əməkdaşlığın inkişafına yönəlmiş siyasət yürütməsinin qlobal müzakirələr üçün praktiki əhəmiyyət daşıdığını qeyd etdi.

Çıxışın digər mühüm istiqaməti enerji təhlükəsizliyi və nəqliyyat bağlantılarının artırılması məsələsi idi. Prezident vurğuladı ki, müasir dünyada enerji və logistika məsələləri yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycanın həm enerji resurslarının ixracında, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak etməsi ölkənin beynəlxalq sistemdə strateji rolunu gücləndirir. Bu baxımdan, Bakıda keçirilən Qlobal Forum yalnız müzakirə platforması deyil, həm də müxtəlif ölkələrin liderləri və ekspertləri üçün qlobal problemlərin həlli yollarını müzakirə edən mühüm diplomatik platforma kimi çıxış edir”.