“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları (COP) iqlim danışıqları baxımından qlobal əməkdaşlıq üçün hələ də son universal platforma olaraq qalır. Bu gün əsas məsələlər təkcə yeni iqlim öhdəliklərinin razılaşdırılması ilə məhdudlaşmır; həm də danışıqlar prosesinin səmərəliliyinin artırılması önəmlidir.”
SİA xəbər verir ki, bu sözləri bunu Mərakeşin keçmiş xarici işlər naziri və COP22-nin prezidenti Səlahəddin Mezuar XIII Qlobal Bakı Forumunda bildirib.
COP sistemi universallığa əsaslanır: bütün ölkələr eyni danışıqlar masasında iştirak edir ki, bu da iqlim dəyişikliyi kimi qlobal çağırışlara qarşı birgə reaksiyanın təmin olunması üçün həyati əhəmiyyət kəsb edir. İqlim dəyişiklikləri bütün planet üçün ümumi problem olduğundan, onların həlli yalnız qlobal əməkdaşlıq sayəsində mümkün ola bilər.
Konsensus əsasında qərar qəbul etmək prosesi həm legitimliyi təmin edir, həm də hər bir ölkəyə öz mövqeyini ifadə etmək imkanı yaradır. Bununla belə, yekdillik tələb edən bu yanaşma bəzən tərəqqinin yavaşlamasına səbəb ola bilər.
S. Mezuar iqlim fəaliyyətlərinin sürətləndirilməsinin zəruriliyini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, bunun mümkün həll yollarından biri öhdəliklərin praktiki tətbiqinə daha tez keçid edə biləcək “İstəklilər koalisiyası”nın yaradılmasıdır. Bu koalisiyaya qoşulan ölkələr birgə addımlar ataraq iqlim fəaliyyətlərinin həyata keçirilməsini sürətləndirə bilərlər”.