Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 15-də Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı keçiriləcək referendumu izləmək məqsədilə Astanaya səfər edib.
Bu barədə SİA-ya MSK-dan məlumat verilib.
Bildirilib ki, səfər proqramına uyğun olaraq, MSK sədrinin qazaxıstanlı həmkarı, həmçinin referendum prosesinin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası əlaqələrin inkişaf perspektivləri, seçkilərlə əlaqədar müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.
MSK Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun müşahidəsində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də təmsil olunur. Belə ki, Komissiyanın digər nümayəndələri beynəlxalq müşahidəçi qismində Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası və Müstəqil Dövlətlər Birliyi missiyalarının tərkibində sözügedən referendumun müşahidəsində iştirak edirlər.
MSK-nın nümayəndələri səsvermə günü paytaxt Astana şəhərində yerləşən məntəqələrdə referendum prosesini müşahidə edəcəklər.