ABŞ tankerlərə yüklənmiş Rusiya neftinə qarşı sanksiyaları bir ay müddətinə dayandırıb. SİA xarici mənbələrə istinadən xəbər verir ki, 12 Martdan etibarən tankerlərə yüklənmiş Rusiya xam nefti və neft məhsullarının çatdırılmasına və satışına 11 aprel Vaşinqton vaxtı ilə gecə yarısına qədər icazə verilir.
ABŞ dənizdə tankerlərdə artıq Rusiya xam nefti və neft məhsullarının satışına icazə verən müvəqqəti lisenziya verib. BBC-nin məlumatına görə, icazə 11 aprelə qədər qüvvədə olacaq.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi açıqlamasına görə, "ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi, Rusiya ilə əlaqəli 134 saylı Baş Lisenziya verir və bu Lisenziya Rusiya Federasiyasından mənşəli və gəmilərə yüklənmiş xam neft və neft məhsullarının tədarükünə və satışına 12 mart 2026-cı ilə qədər icazə verir".
ABŞ Maliyyə Nazirliyinin katibi Skott Bessent vurğulayıb ki, bu tədbir məhdud xarakter daşıyır və Rusiya iqtisadiyyatını dəstəkləmək üçün nəzərdə tutulmayıb. O, qərarın yalnız tranzitdə olan yanacaq daşınmalarına aid olduğunu izah edib. Katib hesab edir ki, bu müvəqqəti tədbir Yaxın Şərqdəki gərginləşən vəziyyətin təsirinə məruz qalan qlobal enerji bazarlarını sabitləşdirmək üçün zəruridir.
Məlum olduğu kimi, Rusiya regiondakı mövcud münaqişələrin yaratdığı qlobal enerji qiymətlərinin artmasından əhəmiyyətli dərəcədə faydalanır. Analitiklər hesab edirlər ki, Rusiya büdcəsinin əlavə gündəlik gəliri 150 milyon dollara çata bilər.
Qlobal neft bazarı hazırda ciddi qarışıqlıq yaşayır. Yaxın Şərqdəki münaqişə enerji infrastrukturuna hücumlara və tankerlərin hərəkətinin dayandırılmasına səbəb olub ki, bu da regional istehsalın gündəlik milyonlarla barel azalmasına və neft qiymətlərinin artmasına səbəb olub.
Eyni zamanda, ABŞ qiymətlərin kəskin artımının qarşısını almaq üçün strateji ehtiyatından 172 milyon barel neft çıxarmaq niyyətində olduğunu açıqlayıb. Prezident Donald Trampın sərəncamına əsasən, tədarüklərə yaxın gələcəkdə başlamaq planlaşdırılır. Bu həcm əvvəlcədən müəyyən edilmiş cədvələ uyğun olaraq təxminən 120 gün ərzində dövriyyəyə buraxılacaq.
VƏLİ