"Bu, Azərbaycanın enerji strategiyasının yeni mərhələsindən xəbər verir" - ŞƏRH

13 Mart 2026 11:49 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costanın mətbuata bəyanatları zamanı səsləndirilən fikirlər Azərbaycanın enerji siyasətində yeni prioritetlərin formalaşdığını göstərir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışında ölkənin külək və Günəş enerji stansiyalarına böyük sərmayələr yatırdığını vurğulayıb:

"Bu yanaşma həm iqtisadi, həm də ekoloji baxımdan mühüm strateji addım kimi qiymətləndirilə bilər. Son illər ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət ayırır. Xüsusilə Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin enerji balansının şaxələndirilməsinə və uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bu investisiyalar eyni zamanda Azərbaycanın qlobal iqlim çağırışlarına cavab verən məsuliyyətli dövlət kimi mövqeyini də gücləndirir.

Ekspertlərin fikrincə, bərpa olunan enerji layihələrinin genişləndirilməsi Azərbaycanın ixrac imkanlarını da artıracaq. Çünki yaşıl enerji istehsalının artması ölkəyə mövcud qaz resurslarını daha çox ixrac yönümlü istifadə etməyə şərait yaradır. Bu isə Avropa bazarları ilə enerji əməkdaşlığının daha da dərinləşməsinə səbəb ola bilər.Düşünürük ki avropada bunda çox maraqlıdır.

Bundan əlavə, alternativ enerji ,elektrik stansiyalarına yatırılan sərmayələr regionların sosial-iqtisadi inkişafına da müsbət təsir göstərir. Yeni enerji layihələri infrastrukturun inkişafını sürətləndirir, yeni iş yerləri yaradır və innovativ texnologiyaların tətbiqini stimullaşdırır.

Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi, bərpa olunan enerji sahəsinə yatırılan sərmayələr Azərbaycanın gələcək enerji strategiyasının əsas sütunlarından birinə çevrilir. Bu istiqamətdə həyata keçirilən layihələr ölkənin həm enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də Azərbaycanı regionda yaşıl enerji mərkəzlərindən birinə çevirəcək".