Sürət həddini aşmağa görə sizi postda saxlaya bilərlərmi? - AÇIQLANDI

13 Mart 2026 10:50 (UTC+04:00)

““Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən, yol patrul xidməti əməkdaşları yalnız müəyyən hallarda nəqliyyat vasitəsini dayandırmaq səlahiyyətinə malikdirlər. Qanuna görə, sürücü tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulması vizual şəkildə aşkar edildikdə nəqliyyat vasitəsinin dayandırılması mümkündür”.

Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Xanlar Sətullayev deyib.

O bildirib ki, bundan başqa, yol hərəkəti qaydaları əleyhinə törədilmiş inzibati xətaya görə tətbiq edilmiş inzibati cərimə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra 2 ay müddətində icra edilmədikdə, nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda da yol patrul xidməti əməkdaşı sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilər:

“Eyni zamanda, radio-rabitə vasitəsilə digər əməkdaşdan nəqliyyat vasitəsini idarə edən şəxsin inzibati xəta törətməsi barədə məlumat daxil olduqda, nəqliyyat vasitəsi axtarışda olduqda və ya nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi, yaxud cinayət törədilməsində şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda da nəqliyyat vasitəsinin saxlanılması qanunvericiliyə uyğun hesab edilir.

Lakin sürət həddinin aşılması məsələsi bu hallardan fərqlənir. Çünki sürət həddinin aşılması vizual şəkildə müəyyən edilə bilən pozuntu deyil və yalnız xüsusi texniki vasitələr – sürət ölçən radar və ya digər elektron qurğular vasitəsilə qeydə alınır. Belə hallarda qayda pozuntusu avtomatik sistemlər tərəfindən qeydə alınır, elektron protokol tərtib edilir və məlumat real vaxt rejimində elektron sistemə, o cümlədən sürücünün elektron kabinetinə ötürülür.

Bu səbəbdən sürət həddinin aşılması faktına görə sürücünün yol polisi postunda saxlanılması qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Bu cür pozuntular adətən avtomatlaşdırılmış nəzarət sistemləri vasitəsilə qeydə alınır və cərimə qərarı sürücüyə elektron qaydada göndərilir”.

Ayşən Vəli