" "Çinli olmaq" vətəndaşlığın dəyişdirilməsi demək deyil" - Lu Mey

13 Mart 2026 10:38 (UTC+04:00)

“‘Çinli olmaq" vətəndaşlığın dəyişdirilməsi demək deyil, daha çox çinlilərin gündəlik həyatını birbaşa yaşamaq və tanış olmaq mənasına gəlir. Bu trend ilk dəfə Çin əsilli amerikalı bir bloqqer tərəfindən təşəbbüs edilib və tezliklə dünya üzrə bir çox internet istifadəçiləri tərəfindən təqlid edilməyə başlanıb. İnsanlar sadə gündəlik hərəkətlərdən – isti su içməkdən və pambıq ev ayaqqabıları geyməkdən başlayaraq, çin mahnılarını ifa etmək və qədim sağlamlıq məşqlərini yerinə yetirmək kimi daha mürəkkəb təcrübələrə qədər addım-addım irəliləyirlər”.

SİA xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin-Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

Səfir çıxışında həmçinin qeyd edib ki, xarici dostlar Çinə səfər edərək ənənəvi geyimləri sınamaq, Çin mətbəxini öyrənmək, yüksək sürətli qatarlarla səyahət etmək və qədim mədəniyyət nümunələrini müşahidə etmək imkanına malikdirlər. O bildirib ki, Azərbaycanlı gənclər artıq Çin dilini öyrənir, mədəniyyətini tanıyır və “çinli olmaq” təcrübəsini praktik şəkildə yaşayırlar.

Lu Mey vurğulayıb ki, Səfirlik hər kəsin Çini başa düşməsi, Çinə yaxın tanış olması və Çin dilini öyrənməsi üçün imkanlar yaratmağa davam edəcək və daha çox azərbaycanlı gənci vizasız səfərlər vasitəsilə Çin mədəniyyəti ilə tanış olmağa dəvət edir.