“Baş nazir Li Tsyan hökumətin fəaliyyəti haqqında hesabatında ‘islahat’ və ‘innovasiya’ anlayışlarını 70 dəfədən çox qeyd edib və artıq üç ildir ki, ‘Süni intellekt+’ sahəsi üzrə hazırlıq işləri aparılır”.
SİA xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin-Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında səsləndirib.
Səfir bildirib ki, Çin süni intellekt, biotibb, biofarmasevtika, robot texnikası və kvant texnologiyaları sahəsində tədqiqat və tətbiq baxımından dünya liderləri sırasına daxil olub.
Onun sözlərinə görə, ölkədə elmi tədqiqat və inkişaf xərclərinin orta illik artımı 10 faiz təşkil edir və yüksək dəyərli ixtira patentlərinin sayı da sürətlə artır. Bu isə innovasiyaya əsaslanan inkişaf strategiyasının uğurla həyata keçirildiyini göstərir.