“İki sessiya Çinin siyasi həyatında mühüm hadisədir” - Lu Mey

13 Mart 2026 10:10 (UTC+04:00)

“Bu ilin 4-12 mart tarixlərində Pekin şəhərində Çin Xalq Siyasi Məsləhət Şurasının Ümumçin Komitəsinin XIV çağırışının 4-cü sessiyası və Ümumçin Xalq Nümayəndələri Məclisinin XIV çağırışının 4-cü sessiyası keçirilib. Bu toplantılar birlikdə “iki sessiya” kimi tanınır. Bu sessiyalar Çinin siyasi həyatında hər il keçirilən mühüm hadisə olmaqla yanaşı, həm də xarici dünyanın Çini daha yaxından tanıması üçün vacib bir pəncərə hesab olunur”.

SİA xəbər verir ki, bu fikirləri Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey “İki sessiyanın nəticələri və Çin-Azərbaycan əlaqələri” mövzusunda keçirilən mətbuat konfransında səsləndirib.

Səfir bildirib ki, media nümayəndələri ilə görüşmək onun üçün böyük şərəfdir və görüş çərçivəsində ilk növbədə bu yaxınlarda keçirilmiş “iki sessiya” barədə qısa məlumat vermək istəyir: “Daha sonra isə sizi maraqlandıran sualları, o cümlədən Çin-Azərbaycan münasibətləri ilə bağlı məsələləri məmnuniyyətlə cavablandıracağam”.

Lu Mey qeyd edib ki, bu sessiyalar Çinin siyasi, iqtisadi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır və beynəlxalq ictimaiyyət üçün ölkənin inkişaf prioritetlərini daha yaxından izləmək imkanı yaradır.