YAP Qaradağ rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub - FOTOLAR

12 Mart 2026 17:27 (UTC+04:00)

2026-cı il martın 12-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev ideyalarının işığında - YAP Qaradağ rayon təşkilatı 33 il” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov,Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Milli Məclisin deputatlarıAydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatı və Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin binası qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülməklə əziz xatirəsi yad olunub.

Sonra tədbir iştirakçıları Mərkəzin önündə 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin “Yeni Azərbaycan Partiyası uşaqların gözü ilə” adlı rəsm sərgisi ilə tanış olurlar.

Mərkəzə daxil olan qonaqlar 7 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladığı “Odlar Yurdu” rəqsi ilə qarşılanıb.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının və partiyanın Qaradağ rayon təşkilatının yaranmasından və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov YAP Qaradağ rayon təşkilatının 33 il ərzində keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib. O qeyd edib ki, müasir, müstəqil Azərbaycan dövlətinin tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.Yeni Azərbaycan Partiyasının siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu xatırladan Faiq Qurbanov qeyd edib ki, bu gün Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm dövlətçilik tarixini yaşayır. Əldə olunan Zəfərlər bu gün Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirib. Son illər Müasir Azərbaycanın ictimai - siyasi həyatında Yeni Azərbaycan Partiyasının aparıcı mövqeyə malik olduğu daha aydın və qabarıq görünür.

Sonda Faiq Qurbanov YAP Qaradağ rayon təşkilatının yaranmasının 33 illiyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasovvurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza nail olub. Emil Abbasov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Partiyanın keçdiyi 34 illik şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 33-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqovun salamlarını və təbriklərini çatdırıb. Rəfael Gülməmmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 750 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib. Yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. YAP son 34 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır. YAP Qaradağ rayon təşkilatı da yarandığı gündən bu günə qədər rayonun eləcə də partiyanın ictimai-siyasi həyatında öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü Aydın Hüseynov YAP-ı tarixi zərurətdən və kəskin ehtiyacdan yaranmış bir siyasi təşkilat kimi xarakterizə edərək həmin dövr və baş verən proseslər, Qaradağ rayonunda YAP-ın rayon təşkilatının yaranması istiqamətində görülmüş işlər barədə xatirələrini bölüşüb. O bildirib ki, həmin vaxt Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkəni xaosdan və özbaşınalıqdan xilas edəcəyini görən qabaqcıl Qaradağ ziyalıları Ulu öndərin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasını bu yolda əsas vasitələrdən biri kimi qəbul edirdi.

Milli Məclisin üzvü Səbinə Xasayeva çıxışında YAP-ın yarandığı ilk günlərdən öz sıralarında gəncləri sıx şəkildə birləşdirməsindən və ötən dövrdə əldə edilmiş nailiyyətlərdə xalqımızın gənc nəslinin fəal iştirakından bəhs edib. O qürur hissi ilə vurğulayıb ki, onun təmsil etdiyi gənc nəsilbu gün YAP-ın fəaliyyətində fəal iştirak etməklə xalqımızın şanlı tarixinin ən parlaq səhifələrinin yazılmasında, 30 ildən yuxarı işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsində mühüm rol oynayıb.

Tədbirdə çıxış edən Şəhid anası Fəridə İsmayılova şanlı Zəfərin əldə edilməsində Ulu öndərin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin mühüm rol oynadığını bildirib. O, xüsusi vurğulayıb ki, Vətən müharibəsində şanlı Zəfər məhz xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyev ətrafında yumruq kimi birləşməsi, qəhrəman oğullarımızın müdrik rəhbərin əmrlərini rəşadətlə yerinə yetirməsi nəticəsində mümkün oldu. Dövlət rəhbərliyinin şəhid ailələrinə və qazilərə xüsusi diqqətlə yanaşmasına görə minnətdarlığını bildirən Fəridə İsmayılova qəhrəman şəhidlərimizin xatirəsinin daim yüksək tutulacağına əmin olduğunu da bildirib.

Partiyanın gənc fəalı Seyidməmməd Məmmədzadə tədbirdə çıxış edərək Azərbaycan dövlətinin gənclər siyasəti, ölkəmizdə gənclərə göstərilən böyük qayğı və diqqətdən danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının rəhbərliyi də gənclərin sosial problemlərinin həllinə, onların ictimai-siyasi fəallığının artırılmasına daim yüksək qayğı və diqqətlə yanaşıb.

Çıxışlardan sonra Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvü, həmçinin rayonun inkişafında və ictimai-siyasi həyatında fərqlənən müəssisə və təşkilatlar, cari ildə yubiley yaşı tamam olan partiya veteranları YAP Qaradağ rayon təşkilatının və Qaradağ rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları, diplomları və qiymətli hədiyyələrlə təltif ediliblər. Partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirin bədii hissəsində partiya fəallarının ifasında “Azərbaycan” və “Qarabağ” mahnıları canlı ifa edilib, Səməd Vurğunun “Azərbaycan” şeiri isə bədii qiraət olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.