Zavod çörəklərində qatqılar: istehlakçılar nəyə diqqət etməlidir? - EKSPERT AÇIQLADI

12 Mart 2026 15:07 (UTC+04:00)

Sosial şəbəkədə çörəyin rezin kimi olması və yeyən insanın mədəsində ağrı yaranması ilə bağlı video yayılıb. Yayılan kadrlar heçdə birmənalı qarşılanmayıb.Əksər insanlar belə hallarla qarşılaşdıqlarını deyirlə və bildirirlər ki, satışda keyfiyyətsiz çörəklər var. Bəs, çörək alarkən nələrə diqqət etməliyik?

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova SİA-ya açıqlamasında bildirib ki, keyfiyyətli çörəyin tərkibi əsasən un, su, duz və mayadan ibarət olmalıdır:

“Lakin sənaye üsulu ilə hazırlanan çörəklərdə bəzən müxtəlif qida qatqı maddələri əlavə olunur. Bu qatqılar çörəyin kiflənməsinin qarşısını almaq, onun daha uzun müddət yumşaq qalmasını təmin etmək və həcmli görünməsini təmin etmək məqsədilə istifadə edilir.

Bir çox hallarda bu məlumatlar məhsulun etiketində göstərilir. Lakin bəzi istehsalçılar qatqı maddələrini etiket üzərində qeyd etmirlər. Belə hallarda xroniki xəstəlikləri olan insanlar, allergiyaya meyilli şəxslər, uşaqlar və yaşlılar mütləq etibarlı və mənşəyi məlum olan məhsullara üstünlük verməlidirlər.

Bəzən zavod çörəkləri daha sərt və elastik görünə bilər. Bu isə hər zaman onun tərkibində qida qatqı maddələrinin olması demək deyil. Bəzi hallarda bu, çörəyin düzgün texnologiya ilə bişirilməməsi, fermentasiya prosesinin qısa müddətdə aparılması, bişirilmə zamanı yüksək temperaturdan istifadə edilməsi və ya bişirildikdən sonra düzgün qablaşdırılmaması ilə bağlı olur.

Bəzən çörək polietilen torbalarda dərhal qablaşdırılır ki, bu da rütubətin içəridə qalmasına və məhsulun daha elastik və sərt olmasına səbəb olur.

Belə çörəklərin qəbulu bəzi insanlarda həzmsizlik, mədədə şişkinlik, ağrı və köp kimi problemlər yarada bilər. Buna görə də çörək alarkən onun yaxşı bişirilməsinə, məsaməli quruluşa malik olmasına diqqət yetirilməlidir. Həmçinin çörəyin həddindən artıq miqdarda qəbul edilməməsi tövsiyə olunur.

Çörəyi qəbul edərkən onun tərkibindəki artıq nəmliyi azaltmaq üçün bir qədər qızardaraq yemək həzm problemlərinin azalmasına kömək edə bilər”.