Onlayn mərc oyunları gənclərə necə təsir edir? - SOSİOLOQ AÇIQLADI

12 Mart 2026 14:55 (UTC+04:00)

Bu gün demək olar ki, əksər platformalarda onlayn mərc oyunları reklam olunur. Bu da gənclər üçün maddi və psixoloji risklər yaradır. Gənclərin belə platformalara çıxışının asanlaşması məsələnin alt qatında asan pul qazanmaq dayandığı üçün onları zamanla uçuruma sürükləyir. Bu sahədə maarifləndirmə və dövlət nəzarəti hansı formada gücləndirilməlidir?

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, hazırda onlayn platformalarda bir sıra hüquqazidd əməllərə yol verilir ki, real həyatda bu fəaliyyətlər qadağan olunub:

“Təəssüf ki, rəqəmsal mühitdə, xüsusilə də sosial şəbəkə platformalarında biz hüquqazidd davranışları və fəaliyyətlərin paylaşıldığını, hətta bəzi hallarda nümayiş etdirildiyini görürük.

Belə fəaliyyətlərdən biri də qumar və mərc oyunlarıdır. Halbuki bilirik ki, qumar və mərc oyunları lisenziyalaşdırılmadığı təqdirdə, ölkə qanunvericiliyi ilə tənzimlənən legitim fəaliyyət hesab olunmur. Bu fəaliyyətlər qeyri-qanuni sayılır və buna görə də məsuliyyət nəzərdə tutulur. Bildiyimə görə, bu məsələ Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə tənzimlənir.

Ümumiyyətlə, qumar oyunları təsadüfə əsaslanan oyunlardır və bu oyunlar gənclərin müflisləşməsinə, onları hüquqazidd davranışlara sövq etməsinə səbəb ola bilər. Hətta bəzi yeniyetmələr və gənclər bu səbəbdən ailədən pul oğurlayaraq həmin oyunlara xərcləyirlər.

Çünki artıq onlar bu oyunlardan asılı vəziyyətə düşürlər. Məlumdur ki, bu cür oyunlar xüsusilə yeniyetmələr və gənclər arasında asılılıq yaradır. Bu isə bir tərəfdən ailə büdcəsinə zərbə vurur, digər tərəfdən isə gəncləri müflisləşdirir və psixoloji problemlərə, o cümlədən depressiyaya səbəb olur. Bəzən çıxılmaz vəziyyətə düşən gənclər hətta özünə qəsd kimi faciəvi addımlar da ata bilirlər.

Bundan əlavə, gənclər özləri də bilmədən digər hüquqi məsuliyyətlərin təsiri altına düşə və qeyri-qanuni pul dövriyyəsinin iştirakçısına çevrilə bilərlər. Onlar fərqində olmadan cinayətkar qruplarla əlaqəyə girə və ya şəxsi məlumatlarını üçüncü şəxslərə ötürə bilərlər.

Bu baxımdan belə fəaliyyətlərin ciddi riskləri var və gənclər bunu anlamalıdırlar. Bu məsələ həm psixoloji baxımdan zərərli nəticələrə səbəb olur, həm də hüquqi və mülki müstəvidə insanlara ziyan vurur.

Ona görə də valideynlər diqqətli olmalı, yeniyetmələrin və gənclərin internetdə hansı fəaliyyətlərlə məşğul olduqlarını izləməlidirlər. Eyni zamanda sosial şəbəkələr vasitəsilə yeniyetmələr və gənclər arasında maarifləndirmə tədbirləri aparılmalıdır ki, onlar bu cür əməllərin hansı hallarda hüquqi məsuliyyət yarada biləcəyini və hansı risklər daşıdığını başa düşsünlər.

Yəni bu fəaliyyətlər insanlara maddi zərər vura bilər, həmçinin onları bilmədən cinayət ortağına çevirə bilər və ya şəxsi məlumatlarının üçüncü şəxslərin əlinə keçməsinə səbəb ola bilər.

Ümumilikdə yeniyetmələr və gənclər məlumatlı olmalıdırlar ki, hansı mərc oyunları lisenziyalıdır, hansılar isə qeyri-qanunidir. Həmçinin nəzərə almaq lazımdır ki, bəzi bu tip oyunlar xarici ölkələrdən idarə olunur və bu isə riskləri daha da artırır. Bu səbəbdən həm ailələr, həm məktəblər, həm də cəmiyyət gənclərlə maarifləndirici iş aparmalı və onları bu cür təhlükəli fəaliyyətlərdən uzaq tutmalıdır”.