“Avropa İttifaqı 27 üzv dövlətin razılığı və ikiqat prinsipi üzərində qurulub. Bu ölkələr birlikdə hərəkət etməyə qərar verirlər və suverenliklərinin bir hissəsini Avropa səviyyəsinə ötürürlər. Avropa Komissiyası və Avropa Parlamenti kimi institutlar isə ümumi Avropa maraqlarını ifadə edən siyasət formalaşdırırlar. Bu mexanizm müəyyən mənada hibrid bir vəziyyət yaradır”.
SİA xəbər verir ki, bu fikirləri Avropa Şurasının fəxri prezidenti, Belçikanın Baş naziri (2014–2019) Şarl Mişel XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.
Ş. Mişel bildirib ki, bəzi sahələrdə Avropa birliyi müsbət nümunələr göstərir, məsələn, Ukrayna məsələsində vahid mövqe nümayiş etdirilib: “Ukraynaya namizəd ölkə statusunun verilməsi, maliyyə dəstəyi və silah göndərilməsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Müharibə başlayandan bir neçə gün sonra Ukraynaya silah göndərilməsi barədə qərar verildi”.
O vurğulayıb ki, Yaxın Şərq məsələsində isə ortaq mövqe formalaşdırmaq daha çətindir: “27 ölkənin hər birinin həmin regionla fərqli tarixi əlaqələri var. Geosiyasətdə tarix mühüm rol oynayır və bu səbəbdən Yaxın Şərq məsələsində fikir ayrılıqları mövcuddur”.
Ş. Mişel həmçinin Avropanın unikal mexanizmi – Avropa Şurasının fəaliyyətindən danışıb: “27 dövlət və hökumət başçısı mütəmadi olaraq bir araya gəlir və ortaq mövqe formalaşdırmağa çalışırlar. Əsas çətinlik odur ki, qəbul edilən qərarları həm Avropa İttifaqı, həm də öz vətəndaşları üçün düzgün izah etmək lazımdır. Bəzən bu, fikir ayrılığı və çətinliklər yaradır, məsələn, enerji sektorunda da bunu görmək mümkündür”.