Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 üçün marşal qeydiyyatına start verilib.
Bu barədə SİA-ya Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən bildirilib.
Qeyd olunub ki, sentyabrın 24-26-da keçiriləcək yarış Azərbaycanın Formula 1 təqvimində ev sahibliyinin 10-cu ildönümü ilə əlamətdardır və bu xüsusi mərhələni qeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal və tarixi bir yarışın ayrılmaz hissəsinə çevriləcəklər.
Sürət və adrenalinin zirvəsi hesab olunan Formula 1 yarışının atmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəs üçün fürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilərlər.
Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən Formula 1 Qran-Priləri və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, ötən il keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi zamanı yarışın təhlükəsiz və uğurlu təşkilində 1200-ə yaxın marşal iştirak edib və onların 100-dən çoxu xarici ölkələrdən qatılıb.
Marşal proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsindən əldə etmək və ya [email protected] elektron ünvanına yazaraq öyrənmək olar.
Qeydiyyat linki: