"Azərbaycan ilə Avropa arasındakı əlaqələr çox spesifik və dinamik şəkildə inkişaf edir. Bu spesifikliyi göstərən əsas amillərdən biri Azərbaycanın Avropanın enerji təchizatında oynadığı roldur. Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır və bu da onu Avropa üçün vacib tərəfdaşlardan birinə çevirir".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu məsələ Antonio Koştanın Azərbaycana səfəri çərçivəsində İlham Əliyev ilə görüşündə də xüsusi olaraq müzakirə olunub: "Görüş zamanı Azərbaycan ilə Avropa arasında enerji təminatı məsələləri, ticarət əməkdaşlığı, enerji sahəsində əməkdaşlıq və Cənubi Qafqaz regionundakı vəziyyət ətraflı müzakirə edilib.
Hər iki tərəf yekun bəyanatda qeyd edib ki, Azərbaycan ilə Avropa arasında əməkdaşlığın inkişafı hər iki tərəfin maraqlarına uyğundur. Bu isə ikitərəfli əlaqələrin gələcəkdə də müsbət dinamika ilə davam edəcəyinə işarə edir.
Bu gün Avropanın Azərbaycanla əməkdaşlığın inkişafına ehtiyacı var və bu ehtiyacın əsas səbəblərindən biri enerji məsələsidir. Çünki Avropada enerji ilə bağlı vəziyyət getdikcə mürəkkəbləşir. Digər tərəfdən, ABŞ ilə Avropa arasında müəyyən ziddiyyətlərin artdığı da müşahidə olunur.
Doğrudur, Rusiya Avropanın enerji təminatında əhəmiyyətli rol oynayır və Avropaya ucuz qaz satır. Lakin gələcəkdə, xüsusilə də müharibə başa çatdıqdan sonra vəziyyətin necə olacağı ilə bağlı müəyyən suallar var. Hazırda qazın ucuz satılması müəyyən mənada mövcud müharibə şəraiti ilə də bağlıdır. Müharibə bitdikdən sonra bu qiymətlərin dəyişib-dəyişməyəcəyi hələ də sual altındadır.
Eyni zamanda Şərqi Avropa və Rusiya ilə bağlı siyasi və iqtisadi qeyri-müəyyənliklər də mövcuddur. Bu səbəbdən Avropa enerji baxımından tam şəkildə Rusiyadan asılı vəziyyətdə qalmaq istəmir. Hazırda Avropa Azərbaycandan da qaz və enerji resursları alır. Lakin obyektiv səbəblərə görə Azərbaycandan Avropaya ötürülən enerji həcmi Rusiyadan gələn enerji ilə eyni səviyyədə deyil. Təbii ki, bu baxımdan Rusiya daha böyük həcmdə enerji təmin edir və Azərbaycan onun yerini tam şəkildə tutmaya bilər. Bununla belə, Azərbaycandan Avropaya ixrac olunan qazın həcminin gələcəkdə artırılması mümkündür".