Energetika Nazirliyində “Elektroenergetika və bərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitənin hibrid formatında iclası keçirilib.
Nazirlikdən SİA-ya bildirilib ki, texniki komitənin katibi Arif Nəzərov çıxış edərək son illərdə standartlaşdırma sahəsində qəbul olunmuş hüquqi aktların energetikada da yeni standartların hazırlanmasını zəruri etdiyini bildirib.
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (PHŞ) və Texniki Komitəyə üzv olan qurumların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) IEC 62933-2-1 standartı layihəsinin yekun variantına dair rəy və təkliflər müzakirə edilib.
İclasda, həmçinin terminologiyanın milliləşdirilməsinin Azərbaycan elektroenergetika sahəsi üçün əhəmiyyəti vurğulanıb.
Sonda irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla energetika sahəsinə aid 13 standart layihəsinin təsdiq edilərək “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-yə təqdim edilməsi razılaşdırılıb.