"Azərbaycan regionda sabitliyin qorunmasına xüsusi önəm verir" - ŞƏRH

12 Mart 2026 10:33 (UTC+04:00)

"Azərbaycan regionda baş verən bütün hadisələrə çox həssas yanaşan ölkələrdən biridir. Həm dövlət olaraq, həm də rəhbərlik və xalq olaraq bu məsələlərə həmişə diqqətlə yanaşırıq. Çünki ətrafımızda baş verən hər hansı münaqişə və ya gərginlik, təbii ki, bizə də təsirsiz ötüşə bilməz".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, İran Azərbaycanın ən yaxın qonşularından biridir və bizim bu ölkə ilə birbaşa sərhədlərimiz var: "Bu səbəbdən İranda baş verən hadisələr istər-istəməz Azərbaycana da təsir edir. Bu təsirlər həm demoqrafik, həm siyasi-iqtisadi, həm də diplomatik baxımdan özünü göstərə bilər.

Hazırda regionda müşahidə olunan gərginlik, xüsusilə ABŞ, İsrail və İran arasında yaranan qarşıdurma təbii ki, Azərbaycanı da narahat edən məsələlərdəndir. Bu proseslər yalnız təhlükəsizlik baxımından deyil, həm də regionda həyata keçirilən iqtisadi layihələr, siyasi münasibətlər və inkişaf prosesləri baxımından müəyyən risklər yaradır. Məsələn, bir müddət əvvəl Naxçıvan istiqamətində baş verən insident zamanı İran tərəfindən atılan pilotsuz uçuş aparatları ilə bağlı Azərbaycan tərəfi bu məsələyə kəskin reaksiya verdi. Nəticədə məsələ ilə bağlı rəsmi şəkildə üzr istənildi və belə hadisələrin bir daha təkrarlanmayacağı bildirildi.
Ümumiyyətlə, Azərbaycan hər zaman qonşularına yardım etməyə hazır olan bir ölkə kimi tanınır.

Tarix boyu Azərbaycan müxtəlif ölkələrə humanitar dəstək göstərib. Bu gün də Azərbaycan öz humanitar siyasətini davam etdirir. Məsələn, Ukrayna ilə bağlı müharibə dövründə Azərbaycan tərəfindən həm maddi, həm də humanitar yardımlar göstərilib. İrana humanitar yardım göndərilməsi də bu baxımdan normal və təbii bir addımdır. Çünki İran Azərbaycanın qonşu dövlətidir və humanitar yardımlar vasitəsilə Azərbaycan bir daha öz dostluq və qonşuluq münasibətlərinə sadiq olduğunu göstərir.

Bununla yanaşı, Azərbaycan sərhəd siyasətində də ehtiyatlı davranır. Məlum olduğu kimi, ölkə uzun müddətdir ki, sərhədlərini bağlı saxlayır. Bunun səbəbi isə regionda yaranan mürəkkəb vəziyyət və mümkün miqrasiya axınlarının qarşısını almaqdır.

Əgər sərhədlər tam açıq olsaydı, xüsusilə İran istiqamətindən böyük miqrasiya axını yarana bilərdi və bu da Azərbaycanın iqtisadi və sosial vəziyyətinə əlavə yük gətirə bilərdi. Bütün bunlarla yanaşı, Azərbaycan regionda sabitliyin qorunmasına xüsusi önəm verir. Azərbaycan öz ərazisinin hər hansı üçüncü qüvvə tərəfindən qonşu ölkələrə qarşı istifadə olunmasına heç vaxt imkan verməyib. Bu prinsip bu gün də qorunur.

Eyni zamanda Azərbaycan həm humanitar yardımlar göstərməklə, həm sərhəd təhlükəsizliyini qorumaqla, həm də regionda balanslı siyasət yürütməklə regional sabitliyin qorunmasına töhfə verir. Bu da Azərbaycanın humanitar diplomatiyasının və regionda həmrəylik siyasətinin mühüm göstəricilərindən biridir".