“Yuxu insan orqanizmi üçün həyati əhəmiyyət daşıyır. Yuxu zamanı beyin məlumatları emal edir, sinir sistemi bərpa olunur, hormonal balans tənzimlənir və immun sistem güclənir.
Sağlam orta yaşlı insanlarda normal yuxu tsikli 7-8 saata tamamlanır. Buna baxmayaraq, bəzi insanlar gündə 4–5 saat yatdıqlarını və buna baxmayaraq özlərini yaxşı hiss etdiklərini iddia edirlər. Bu vəziyyət həqiqətən mümkündürmü?”.
Bu sözləri SİA-ya açıqlamasında nevroloq Röyanə Quluzadə deyib.

O bildirib ki, tibbi ədəbiyyatda “az yatanlar” fenomeni kimi çox nadir rast gəlinən bir qrup insan mövcuddur ki, onlara “təbii qısa yatanlar” (natural short sleepers) deyilir:
”Bu şəxslər gündə 4–6 saat yuxu ilə tam funksional qala bilirlər və gündüz yorğunluq hiss etmirlər. Tədqiqatlar göstərir ki, bu hal bəzi genetik mutasiyalarla (məsələn, DEC2 və ADRB1 genləri) əlaqəli ola bilər.
Lakin belə insanlar populyasiyanın çox kiçik hissəsini təşkil edir və əksər insanlar üçün bu model uyğun deyil.
Az yuxunun insan sağlamlığına uzunmüddətli mənfi təsirləri var!
Əksər insanlarda xroniki yuxu çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər:
-Koqnitiv funksiyaların zəifləməsi (diqqət və yaddaşın azalması)
-Depressiya və narahatlıq riskinin artması
-Hipertoniya və ürək-damar xəstəliklər
-Piylənmə və metabolik sindrom
-İmmunitetin zəifləməsi.
Nevroloji baxımdan yuxu beyin üçün “təmizləyici mexanizm” rolunu oynayır. Yuxu zamanı qlimfatik sistem aktivləşərək metabolik tullantıları, o cümlədən beta-amiloid kimi zülalları beyindən uzaqlaşdırır. Uzun müddət az yatmaq neyrodegenerativ xəstəliklərin-məsələn Parkinson,Alzeymer riskini artıran faktorlardan biri hesab edilir.
Özünü yaxşı hiss etmək həmişə normal demək deyil.
Maraqlıdır ki, yuxu çatışmazlığı olan bəzi insanlar müəyyən müddətdən sonra öz performanslarının azaldığını hiss etməyə başlayırlar. Belə ki,onların reaksiya sürəti, diqqət və qərarvermə qabiliyyəti əhəmiyyətli dərəcədə zəifləyir.
Nəticə etibarilə çox az sayda genetik olaraq “qısa yatan” insanlar istisna olmaqla, əksər insanlar üçün 7–9 saat keyfiyyətli yuxu beyin və ümumi sağlamlıq üçün vacibdir”.
Ayşən Vəli