Real həyatdan fərqli olaraq, virtual mühitdə insanlar özlərini daha sərbəst hiss edirlər. Bunun əsas səbəbi odur ki, burada insanlar bir-birinin üzünü görmür, birbaşa ünsiyyət qurmaq məcburiyyətində qalmırlar. İnsanlar kompüter və ya telefon arxasında olduqları üçün fikirlərini daha rahat ifadə edir, müxtəlif mövzulara, videolara və ya müzakirələrə münasibət bildirərkən çox vaxt heç nədən çəkinmirlər. Sanki sosial şəbəkə platformalarında insanlar necə istəyirlərsə, elə də davranırlar".
Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, real həyatda vəziyyət bir qədər fərqlidir: "İnsanlar fikir bildirərkən bir-biri ilə göz təması qurur və bu da onların davranışına təsir edir. Belə halda insanlar düşünürlər ki, dedikləri söz cəmiyyət tərəfindən necə qarşılanacaq, başqaları bu fikrə necə reaksiya verəcək. Bu səbəbdən real həyatda insanlar fikirlərini daha məsuliyyətlə ifadə edirlər.
Sosial şəbəkələrdə isə bu amillər olmadığı üçün insan özünü daha sərbəst hiss edir və hadisələrə daha açıq şəkildə münasibət bildirir. Bunun nəticəsində biz cəmiyyətimizdə müxtəlif xarakterlərin, düşüncə tərzlərinin və dünyagörüşlərinin necə olduğunu daha aydın görə bilirik. Sosial şəbəkələr gənclərə müəyyən mənada özlərini daha sərbəst ifadə etmək imkanı verir və bu da onların özünəinam hissini artırır. Düzdür, bəzi gənclər real həyatda da öz fikirlərini rahat şəkildə ifadə edə bilirlər. Lakin bunun üçün insanın müəyyən biliyi, intellekti və hadisələri düzgün qiymətləndirmə bacarığı olmalıdır.
Sosial şəbəkələrdə isə vəziyyət bir qədər fərqlidir. İnsanlar hər hansı suala cavab verərkən dərhal üzbəüz reaksiya vermək məcburiyyətində qalmırlar. Onlar əvvəlcə araşdırma aparır, düşünür, başqalarının rəylərinə baxır, müxtəlif mənbələrdən məlumat əldə edir və bundan sonra fikirlərini bildirirlər. Bu isə onlarda daha yüksək özünəinam hissi yaradır. Lakin real həyatda savadı, dünyagörüşü və intellekti kifayət qədər inkişaf etməmiş insanlar müəyyən mühitlərdə, ictimai yerlərdə və ya müzakirələr zamanı hadisələrə dərhal münasibət bildirməkdə çətinlik çəkirlər. Onlar müxtəlif intellektual oyunlarda, debatlarda və ya müzakirələrdə aktiv iştirak edə bilmirlər. Çünki belə mühitlərdə iştirak etmək üçün insanın müəyyən bilik səviyyəsi, dünyagörüşü və analitik düşüncə qabiliyyəti olmalıdır.
Sosial şəbəkə platformaları isə bunları birbaşa tələb etmir. Çünki bu platformalarda mövcud olan imkanlar vasitəsilə insanlar əlavə məlumat əldə edə, başqalarının fikirlərindən istifadə edə və bu əsasda öz mövqelərini formalaşdıra bilirlər. Bu səbəbdən gənclər sosial şəbəkələrdə özlərini real həyatdan daha inamlı göstərə bilirlər. Eyni zamanda, sosial şəbəkələrin cəmiyyətə təsiri də böyükdür. Onların müsbət tərəflərindən düzgün və səmərəli istifadə edildikdə çox yaxşı nəticələr əldə etmək mümkündür. Təəssüf ki, müasir dövrdə müxtəlif yaş qruplarından olan insanlar, xüsusilə də gənclər, bu imkanlardan bəzən səmərəsiz şəkildə istifadə edirlər.
Əslində özünəinam o deməkdir ki, insan həyatda müəyyən bilik və bacarıqlara malik olsun, qarşılaşdığı məsələləri müstəqil şəkildə həll edə bilsin və cəmiyyət içində öz mövqeyini əsaslandıra bilsin. Əgər insan bu keyfiyyətləri formalaşdırmayıbsa, yalnız sosial şəbəkələrdə özünü inamlı göstərməsi real həyatda onun üçün çətinliklər yarada bilər".