“Ət və ət məhsullarının ölkəyə gətirilməsi beynəlxalq qida təhlükəsizliyi standartlarına uyğun şəkildə ciddi gömrük və sanitar nəzarət prosedurlarından keçir”.
Bu sözləri SİA-ya açıqlamasında qida üzrə ekspert Ağa Salamov bildirib.
Onun sözlərinə görə, donmuş, soyudulmuş və ya emal olunmuş ət məhsulları ölkə ərazisinə daxil olmamışdan əvvəl müvafiq dövlət qurumları tərəfindən yoxlanılır:
”Bu prosesdə şəffaf izləmə mexanizmləri tətbiq olunur, nümunələr götürülür və məhsullar laborator müayinələrə göndərilir.
Gömrük nəzarəti zamanı ət məhsullarının mikrobioloji təhlükəsizliyi, daşınma şəraiti, saxlanma temperaturu və mümkün çirklənmə riskləri ətraflı şəkildə araşdırılır. Məhsulun hansı şəraitdə daşındığı, soyuq zəncirin qorunub-qorunmadığı və gigiyenik normalara əməl olunub-olunmadığı diqqətlə qiymətləndirilir. Yalnız qida təhlükəsizliyi tələblərinə tam cavab verən məhsulların idxalına icazə verilir.
Buna baxmayaraq, ictimai müzakirələr zamanı bəzən elmi əsaslara söykənməyən fikirlər də səsləndirilir. Bəzi “mütəxəssislər” idxal edilən ətlərin qida dəyərinin aşağı olması və ya sağlamlıq üçün təhlükə yaratması barədə iddialar irəli sürürlər. Halbuki elmi araşdırmalar göstərir ki, idxal olunan ət məhsulları ilə yerli ətlər arasında əsas vitamin və qida komponentləri baxımından ciddi fərq yoxdur. Bu məhsullarda B12 vitamini, B qrup vitaminləri, D vitamini və digər vacib qida maddələri oxşar səviyyədə mövcuddur.
Əsas məsələ ətin mənşəyindən çox, onun saxlanma və istifadə qaydaları ilə bağlıdır. İdxal olunan ət məhsulları ölkəyə gətirildikdən sonra da uyğun şəraitdə saxlanmalı, restoranlarda və ev təsərrüfatlarında sanitar normalara uyğun hazırlanmalıdır. Bişirmə, soyutma və saxlama mərhələlərində hər hansı qayda pozuntusu baş verərsə, bu, istər yerli, istərsə də idxal ətləri üçün eyni risk yarada bilər.
Dad və orqanoleptik xüsusiyyətlər baxımından isə yerli ətlərin üstünlüyü aydın görünür. Azərbaycanın iqlim müxtəlifliyi, təbii otlaqların mövcudluğu və heyvanların ənənəvi bəslənmə üsulları yerli ətin dad keyfiyyətinə birbaşa təsir edir. Xüsusilə Qarabağ quzuları, yerli dana və mal-qara cinsləri özünəməxsus ləzzəti ilə seçilir və bu xüsusiyyətlər onları geniş şəkildə tanıdır.
Qida təhlükəsizliyi baxımından idxal olunan ət məhsulları yerli ətlərlə eyni səviyyədə qiymətləndirilə bilər. Əsas fərq daha çox dad xüsusiyyətləri və istehlak vərdişləri ilə bağlıdır. Elmi yanaşma göstərir ki, düzgün nəzarət və saxlanma qaydaları təmin olunduğu halda idxal ətləri insan sağlamlığı üçün risk yaratmır. Buna görə də bu məsələ emosional yanaşmalarla deyil, elmi faktlar və qida təhlükəsizliyi prinsipləri əsasında qiymətləndirilməlidir.”