“Azərbaycan uzun illərdir beynəlxalq münasibətlər sistemində getdikcə daha fəal aktora çevrilib”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Nigar Məmmədova bildirib.
Onun sözlərinə görə, rəsmi Bakının həyata keçirdiyi siyasi, iqtisadi və diplomatik strategiya ölkəmizin qlobal qərarların qəbulunda rolunun daha da artmasına və beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə xidmət edir:
” Ərazi bütövlüyü və suverenliyin bərpasından sonra Azərbaycan həm də sülhün təşviqini həyata keçirir. İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət regionda uzunmüddətli sabitliyin təmin olunması üçün yeni imkanlar açıb.
Sülh müqaviləsinin paraflanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi məsələlərdə ölkəmiz fəal mövqe nümayiş etdirərək regionda dialoq və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verir. Faktiki olaraq regionda sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın regional liderliyini gücləndirir.
Şübhəsiz ki, iqtisadi amillər də Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Enerji resurslarının səmərəli idarə olunması və iri beynəlxalq layihələrin həyata keçirilməsi ölkəmizi Avropanın enerji təhlükəsizliyində vacib tərəfdaşlardan birinə çevirib. Xüsusilə Cənub Qaz Dəhlizi kimi strateji layihələr Azərbaycanın dünya enerji bazarındakı rolunu artırmaqla yanaşı, ölkəmizin beynəlxalq siyasi və iqtisadi əlaqələrinin genişlənməsinə də şərait yaradır. Bundan əlavə, tranzit və logistika imkanlarının genişlənməsi, Asiya ilə Avropanı birləşdirən nəqliyyat marşrutlarında mühüm mövqe tutması Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır.
Azərbaycan həmçinin bir sıra beynəlxalq təşkilatlarda fəal şəkildə təmsil olunur, qlobal problemlərin müzakirəsində öz mövqeyini nümayiş etdirir və müxtəlif platformalarda əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Bu fəaliyyət ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasına və yeni siyasi dialoq imkanlarının yaranmasına səbəb olur.
Diplomatik təşəbbüslər və iqtisadi əməkdaşlıq layihələri region ölkələri arasında qarşılıqlı etimadın artmasına və uzunmüddətli sabitliyin təmin olunmasına şərait yaradır. Eyni zamanda, yeni iqtisadi layihələrin həyata keçirilməsi və beynəlxalq investisiyaların artması ölkəmizin iqtisadi inkişafına əlavə təkan verəcək. Nəticə etibarilə, Azərbaycanın artan nüfuzunun timsalında Cənubi Qafqazda daha sabit, təhlükəsiz və əməkdaşlığa əsaslanan bir mühitin formalaşmasından söhbət gedir”.