"Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi potensialla deyil, həm də humanitar dəyərlərə münasibəti ilə ölçülür. Azərbaycanın İrana humanitar yardım göndərməsi də məhz belə məsuliyyətli dövlət davranışının nümunəsi kimi qiymətləndirilməlidir".
Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Malayziyanın nüfuzlu xəbər agentliyi Bernama da bu barədə yazaraq Azərbaycanın humanitar təşəbbüsünü diqqətə çatdırıb:
"Azərbaycanın həyata keçirdiyi humanitar yardım təşəbbüsü yalnız maddi dəstək deyil, eyni zamanda siyasi və mənəvi mesajdır. Dövlətimiz çətin vəziyyətdə olan insanlara yardım etməyi siyasi fikir ayrılıqlarından üstün tutduğunu nümayiş etdirir. Bu yanaşma regionda qarşılıqlı etimadın və sabitliyin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın bu siyasəti ölkə rəhbərliyinin strateji baxışını və məsuliyyətli liderlik modelini də aydın şəkildə ortaya qoyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə beynəlxalq münasibətlərdə balanslı, prinsipial və humanist mövqe nümayiş etdirir. Dövlət başçısının siyasətində milli maraqların qorunması ilə yanaşı, regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsi mühüm yer tutur. Bu gün Azərbaycan enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq sahələrində olduğu kimi, humanitar məsələlərdə də məsuliyyətli tərəfdaş kimi çıxış edir. İrana göndərilən humanitar yardım bir daha göstərir ki, Azərbaycan çətin anlarda humanizm, sülh və ədalət prinsiplərinə sadiq qalaraq əməkdaşlıq və qarşılıqlı dəstək naminə addımlar atmağa davam edir".