"Doğru stil insanın görünüşünü tamamlayır" - MODELYER DANIŞDI

11 Mart 2026 11:58 (UTC+04:00)

"Stil sahibi olmaq üçün ən vacib şey özünü tanımaq və özünə uyğun tərz yaratmaqdır. Yəni sadəcə moda trendlərini izləmək kifayət deyil, insan özünə həqiqətən yaraşan və onun şəxsiyyətini ifadə edən üslubu tapmalıdır. Hər bir insanın zövqü, həyat tərzi və xarakteri fərqlidir".

Bunu SİA-ya açıqlamasında stil üzrə mütəxəssis, modelyer Şəlalə Maqsudova deyib.

Onun sözlərinə görə, stil yalnız geyim deyil, eyni zamanda insanın özünü təqdim etmə formasıdır: "İnsan özünü tanıdıqca və nəyi bəyəndiyini anladıqca daha düzgün seçimlər edir və nəticədə daha harmonik və diqqətçəkən bir görünüş yarada bilir.

Amma bunun üçün bir neçə şərt var. İlk öncə özünə uyğun stil seçmək vacibdir. Hər trend hamıya uyğun olmur və bəzən moda olan bir geyim hər kəsdə eyni effekti vermir. Ona görə də bədən quruluşuna, həyat tərzinə və xarakterə uyğun geyim seçmək daha doğru yanaşmadır. Məsələn, aktiv həyat tərzi keçirən bir insanın rahat və praktik geyimlərə üstünlük verməsi daha məqsədəuyğundur. Eyni zamanda insanın geyimi onun peşəsinə və gündəlik fəaliyyətinə də uyğun olmalıdır.

Daha sonra sadə və keyfiyyətli parçalar seçmək önəmlidir. Stil sahibi insanlar çox vaxt həddindən artıq diqqət çəkən və ya qarışıq geyimlərə deyil, daha sadə və zövqlü seçimlərə üstünlük verirlər. Keyfiyyətli parça və yaxşı tikilmiş geyim insanın görünüşünü daha səliqəli və zərif göstərir. Məsələn, yaxşı kəsimli şalvar, təmiz və səliqəli köynək, klassik ayaqqabı kimi geyimlər sadə olsa da, insanın zövqlü və baxımlı görünməsinə kömək edir. Bu cür geyimlər uzun müddət istifadə oluna bilir və modadan tez çıxmır.

Rəng uyğunluğu da vacib şərtlərdən biridir. Geyimdə rənglərin bir-biri ilə uyğunlaşması ümumi görünüşə böyük təsir göstərir. Uyğun seçilmiş rənglər insanın görünüşünü daha estetik və balanslı edir. Əksinə, bir-birinə uyğun olmayan rənglər isə bütün görüntünü qarışıq və səliqəsiz göstərə bilər. Buna görə də geyim seçərkən rəng harmoniyasına diqqət etmək və bir-birini tamamlayan tonları seçmək vacibdir.

Detallara diqqət etmək də stilin vacib hissəsidir. Bəzən kiçik detallar ümumi görünüşü tamamilə dəyişə bilir. Saat, kəmər, ayaqqabı və çanta kimi aksesuarlar geyimi tamamlayaraq daha səliqəli və düşünülmüş bir obraz yaradır. Doğru seçilmiş aksesuarlar insanın zövqünü və stilini daha aydın şəkildə göstərir. Buna görə də stil sahibi olmaq yalnız geyim seçimi ilə bitmir, eyni zamanda bu cür detallara diqqət etməyi də tələb edir".