"Transsərhəd çaylar üçün risklər təbii resursların qeyri-bərabər bölüşdürülməsi, çayların yuxarı axınlarının çirklənməsi, qonşu ölkələrin çay sularından səmərəsiz istifadə etməsi və çayların istiqamətini istədikləri kimi dəyişdirməsi kimi səbəblərdən baş verir. Eyni zamanda su çatışmazlığı siyasi münaqişələrlə də əlaqələndirilir. Bu məsələ həm ətraf mühit üçün (su anbarlarının quruması), həm də insan sağlamlığı üçün (infeksiyalar, ağır metallar) ciddi təhlükə yaradır və beynəlxalq əməkdaşlığı zəruri edir".
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
.jpg)
Onun sözlərinə görə, Azərbaycan da transsərhəd çayların keçdiyi ölkələrdən biridir: "Su ehtiyatlarının yuxarı axın ölkələri tərəfindən hədsiz istifadə olunması nəticəsində ölkəmizdə su qıtlığı yaranır. Çayların ölkə hüdudlarından kənarda çirkləndirilməsi, ekoloji tarazlığın pozulması və bunun fonunda yaranan geosiyasi gərginliklər ölkəmizdə su ilə bağlı ekoloji problemlərin dərinləşməsinə səbəb olur. Bu risklər aşağı axın ölkələrində, xüsusilə Azərbaycan kimi dövlətlərdə içməli su təminatı, kənd təsərrüfatı və enerji təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.
Yuxarı axında yerləşən ölkələrin su ehtiyatlarından intensiv istifadə etməsi (suvarma və bəndlərin tikilməsi) aşağı axın ölkələrində su həcminin kəskin azalmasına səbəb olur. Bu isə su qıtlığının yaranmasına, suyun bölgüsü və paylanması ilə bağlı problemlərin meydana çıxmasına gətirib çıxarır. Azərbaycanın ən böyük su ehtiyatı olan Kür çayının səviyyəsi son illərdə aşağı düşməyə başlayıb. Araz çayının səviyyəsində də azalma müşahidə olunur. Kür çayının suyu ölkəmizin əsas içməli su mənbələrindən biridir və bu suyun böyük hissəsi kənd təsərrüfatında istifadə edilir. Kür çayının səviyyəsinin aşağı düşməsi nəticəsində ölkəmizin ərazisində, xüsusilə çayın aşağı axınında yerləşən rayonlarda ciddi su qıtlığı yaşanır.
Mövcud su çatışmazlığı problemini daha da ağırlaşdıran amillərdən biri də Kür çayının deltasında aparılan yanlış müdaxilələrdir. Bunun nəticəsində Xəzər dənizinin suyu Kür çayına daxil olur və vəziyyəti daha da mürəkkəbləşdirir. Nəticədə insanlar susuz qalır, kənd təsərrüfatı zərər görür, torpaqlar şoranlaşır. Bəzən elə hallar olur ki, dənizin şor suyu təkcə Neftçala rayonuna deyil, hətta Salyan şəhərinin yaxınlığında yerləşən Surra qəsəbəsinə qədər gəlib çıxır. Bu isə su ilə bağlı ciddi ekoloji problemlərin yaranmasına səbəb olur.
Nəzərə alsaq ki, Salyan rayonunun ərazisi Xəzər dənizinə birbaşa çıxışa malik deyil və dənizkənarı Neftçala rayonu ilə əhatə olunub, yaranan vəziyyət problemin miqyasını daha aydın göstərir. Xəzər dənizinin sahili (Neftçala tərəfdən, Bankə qəsəbəsi) ilə Salyan şəhəri arasındakı birbaşa məsafə təxminən 30-40 kilometr civarındadır. Kür çayı boyunca isə bu məsafə 40-50 kilometrə çata bilər. Salyan şəhəri ilə Aşağı Surra qəsəbəsi arasında məsafə isə təxminən 20 kilometrdir. Bu böyük ərazidə çoxlu sayda yaşayış məntəqələri yerləşir və həmin ərazilərdə ciddi su problemi yaşanır.
Transsərhəd çayların sənaye, məişət və kənd təsərrüfatı tullantıları ilə yuxarı axınlarda çirkləndirilməsi də aşağı axın ölkələrinin ekoloji və sağlamlıq təhlükəsizliyi üçün risk yaradır. Bu vəziyyəti həm Kür, həm də Araz çayının timsalında aydın görmək mümkündür. Azərbaycan dövləti 2000-ci ildə BMT-nin Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”sına qoşulsa da, bəzi qonşu ölkələr hələ də bu sənədə qoşulmayıb. Buna görə də həmin ölkələr bu çayları istədikləri kimi çirkləndirirlər. Onlar bu çayların suyundan əsasən texniki məqsədlər üçün istifadə edirlər, halbuki onların içməli su mənbələri dağlarda yerləşən saf və təmiz su anbarlarından təmin olunur. Mən Tiflis şəhərinə gələn içməli su anbarında da olmuşam.
Biz isə məcburən bu çayların kimyəvi, radioaktiv və fiziki baxımdan çirklənmiş suyundan istifadə edirik. Eyni zamanda qeyd etmək lazımdır ki, bu çaylar ölkəmizin ərazisində də məişət tullantıları ilə ciddi şəkildə çirkləndirilir.
Çay yataqlarının dəyişməsi, suyun azalması və çirklənmə nəticəsində biomüxtəlifliyin məhv olması və ekosistemlərin sıradan çıxması da mühüm problemlər yaradır. Bu proseslər ekoloji tarazlığın pozulmasına gətirib çıxarır və əsas risklərdən biri hesab olunur.
Su resursları uğrunda dövlətlərarası münaqişələrin və siyasi gərginliyin artması, su təhlükəsizliyi məsələsinin milli təhlükəsizlik məsələsinə çevrilməsi də bu risklər sırasındadır. Günümüzün ən mühüm təhlükələrindən biri isə quraqlıq və buzlaqların əriməsi nəticəsində su ehtiyatlarının daha da azalmasıdır ki, bu da iqlim dəyişikliyinin nəticəsi kimi ortaya çıxır.
Bu risklərin azaldılması üçün beynəlxalq hüquq normalarına uyğun olaraq birgə idarəetmə və monitorinq sistemlərinin tətbiqi zəruridir".