Fevralın 11-i saat 22:30 radələrində Bakı–Quba istiqamətində ödənişli avtomobil yolunun 56-cı kilometrliyində, Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, naməlum sürücü idarə etdiyi avtomobillə Quba istiqamətində hərəkətdə olarkən yolu keçən təqribən 60–65 yaşlarında şəxsiyyəti məlum olmayan kişi cinsli piyadanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Aparılan araşdırmalar zamanı mərhumun üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Onun sol əlinin üzərində kiril əlifbası ilə “Süleyman” sözü yazılmış döymə olduğu müəyyən edilib. Həmin şəxsin əraziyə düşmüş kamera görüntüləri də mövcuddur.
Mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə ilə bağlı məlumatı olan, yaxud mərhumun şəxsiyyətini tanıyan şəxslərdən xahiş olunur ki, 023-31-50-131, (+994 55) 210 73 73 şəhər və mobil nömrələrinə, həmçinin “102” xidmətinə məlumat versinlər.