“Bəzi ərazilərdə işıqforun yaşıl işığının qısa müddət yanması sürücülər arasında narazılıq yaradır. Əslində isə işıqforların iş rejimi həmin yol sahəsində nəqliyyat vasitələrinin hərəkət intensivliyinə uyğun olaraq tənzimlənir. Elə yollar var ki, orada işıqforun quraşdırılması və ya iş rejiminin müəyyən edilməsi üçün xüsusi arqumentlər və hesablamalar tələb olunur. Zolaqların sayı, sağa, sola və ya düz hərəkət istiqamətləri kimi amillər bu prosesdə mühüm rol oynayır”.
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, məsələn, sağa dönən zolaqda nəqliyyat axını çox olarsa, həmin istiqamətdə yaşıl işığın müddəti daha uzun ola bilər:
”Düz və ya sola dönən nəqliyyat vasitələri üçün isə bu müddət həmin istiqamətlərdəki avtomobil sayından asılı olaraq dəyişir. Tutaq ki, bir istiqamətdə işıqforda eyni vaxtda yüzə yaxın avtomobil dayanır, digər istiqamətdə isə cəmi on-on beş avtomobil olur. Belə halda təbii ki, daha çox nəqliyyatın olduğu istiqamətdə yaşıl işıq daha uzun müddət yanmalıdır.
Eyni zamanda, hər bir istiqamət üçün müəyyən gözləmə limiti də mövcuddur. Sürücülərin həddindən artıq gözləməsinin qarşısını almaq üçün bu müddət xüsusi hesablamalar əsasında tənzimlənir. Əks halda, bəzi istiqamətlərdə nəqliyyat vasitələri uzun müddət gözləməli olar və bu da yol sıxlığına, tıxacların yaranmasına səbəb ola bilər.
Ona görə də işıqforların işləmə müddəti əsasən eyni dərəcəli və eyni əhəmiyyətli yolların kəsişməsində nəqliyyat axınının intensivliyindən və hərəkət trayektoriyalarından asılı olaraq müəyyən edilir. Bu amillər düzgün nəzərə alınmadıqda isə tıxaclar, vaxt itkisi və əlavə yanacaq sərfiyyatı kimi problemlər ortaya çıxa bilər”.
Ayşən Vəli